Saytımızı izləyənlər Bolqarıstandan olan Vilner atelyesinin işləri ilə tanışdırlar. Biz artıq bolqar mütəxəssislər tərəfindən yeni salonlar əldə etmiş Maserati GranCabrio Sport və Ford Mustang GT 350 Super Snake modelləri haqqında məlumat vermişdik.
Bu dəfə bolqar tüninq ustalarının eksperiment obyekti azərbaycanlıların xüsusi hörmət bəslədiyi Mercedes-AMG G55 bərkgedən ofroderi olub. Bolqarıstandan olan müştəri öz ofroderinin salonunu bu yaxınlarda debüt etmiş Mercedes-Maybach G650 Landaulet modelinin interyerindən belə dəbdəbəli olmasını istəyib. Vilner mütəxəssisləri isə həmyerlilərinin arzusunu yerinə yetrmək üçün qollarını çırmayalaraq işə girişiblər.
Onlar salonun tərtibatında narıncı və qara rənglərdən istifadə etmək qərarına gəliblər. Üstəlik, avtomobil sahibinin şahmat azarkeşi olduğunu öyrənən dizaynerlər "G" hərfi formasında dəliklərdən istifadə edərək oturacaqların və qapı panellərinin üzlənməsinə şahmat taxtasını xatırladan görkəm veriblər. Ən maraqlısı isə, salonun ümumi tərtibatından kəskin şəkildə seçilən təhlükısizlik kəmərlərinin Morello Red rəngidir.
Sükan çarxı da narıncı rəngli dəri ilə örtülsə də, onun yuxarı hissəsi qara işləmə ilə bəzədilib. Ön panel isə tamamilə qara dəri ilə örtülüb. Əlbəttə ki, bütün qara dəri ilə örtülmüş hissələr narıncı tikişlərə malikdir.
Mercedes-AMG G55 ofroderi 476 at qüvvəsi və 700 Nm hasil edən 5,5-litrlik turbosəkkizlik ilə təchiz edilir. Beş pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan mühərrik "uçan kərpici" 100 km/saat həddinə 5,5 saniyəyə sürətləndirir.