Vyetnamın VinFast avtomobil istehsalçısı lüks bazar seqmentində iştirak etmək qərarına gəlib. Şirkət bu yaxınlarda biznesin yenidən qurulması zamanı yaradılmış lüks Lac Hong subbrendinin iki yeni modelinin təsvirlərini dərc edib. Yeni brend VF kütləvi avtomobillər xəttini və korporativ müştərilərə ünvanlanmış Green elektromobillər ailəsini tamamlayacaq.
Lac Hong 900LX
Lac Hong adı (Vyetnamda pərəstiş edilən mifik Lac quşunun adını daşıyır) ilk dəfə ötən ilin avqust ayında VinFast model çeşidində peyda olub. Həmin vaxt VinFast VF 9 böyük elektrik krossoverinin modifikasiyası olan lüks Lac Hong 900LX modeli ictimaiyyətə təqdim edilib.
Model orijinaldan uzadılmış təkər bazası, eksteryerdəki bol xrom, interyerin ağacla tərtibatı, salondakı arakəsmə və opsional zirehlənmə ilə fərqlənir. Sərbəst satışların tezliklə başlayacağı barədə şayiələrə baxmayaraq, model hələ də geniş ictimaiyyətə təqdim edilməyib: istehsal olunan bütün avtomobillər ancaq Vyetnam hökumətinin qarajına göndərilir.
Lac Hong 800S
Yeni Lac Hong modellərinin aqibətinin sələfləri kimi olmayacağı gözlənilir. VinFast şirkəti 2027-ci ildə bazara çıxması gözlənilən Lac Hong 800S krossoveri və Lac Hong 900S sedanının renderlərini dərc edib.
Hökumət üçün buraxılmış versiyadan fərqli olaraq, onlar unikal kuzov quruluşuna və monumental “radiator barmaqlığı”, ikimərtəbəli faraları, xrom və qızıldan zəngin dekoru ilə fərqlənən özünəməxsus dizayna sahib olacaqlar. Yeni modellərin ölçüləri sanballıdır: 800S krossoverinin təkər bazası 3175 millimetr, flaqman 900S sedanının isə, 3400 millimetrdir.
Lac Hong 900S
Rəsmi şəkillərdən göründüyü kimi, yeni Lac Hong modellərinin interyerləri dəri və ağacla səxavətli şəkildə bəzədilib. Hər iki avtomobildə cihaz paneli və mediasisteminin birləşdirilmiş ekranları olan asimmetrik ön panel, eləcə də nəhəng mərkəzi tunellər mövcuddur. Avadanlıq siyahısına ottoman tipli ayaq dayaqları olan arxa oturacaqlar daxildir. Sedanda isə, böyük proyeksiya ekranı və "ulduzlu səma" tavanı olan əlavə bölmə də mövcuddur.
Yeni premium modellər haqqında texniki detallar hələlik azdır. Onların ümumi gücü 625 at qüvvəli üçmühərrikli güc aqreqatı (ön oxda biri və arxada ikisi) ilə təchiz edilmiş elektromobillər olacağı məlumdur. Hər iki avtomobil də aktiv asqı ilə təchiz olunacaq. Qiymətlər hələlik açıqlanmayıb.
Lüks modellərin buraxılışı VinFast şirkətinin yeni strategiyasının bir hissəsidir. Şimali Amerika və Avropa bazarlarındakı uğursuzluqlardan sonra avtomobil nəhəngi Cənub-Şərqi Asiyadakı varlığını genişləndirməyə və yeni auditoriya cəlb etməyə üstünlük verir. Bu arada, şirkət öz vətənində yaxşı nəticələr göstərir: 2025-ci ildə VinFast yenidən Vyetnamda bazar lideri olub və təxminən 176.000 avtomobil satıb. Keçən il ölkədə ümumilikdə 375.736 yeni avtomobil satılıb ki, bu da 10,5% artım deməkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









