Electronic Arts firmasının konsept sənətçisi Haisal Səlimin ekstremal Volkswagen Golf GTI modelinin inşası layihəsi gerçəkləşə bilər. Bu layihəyə iki məşhur tüninq atelyesi - Prior Design və JP Performans, - dəstək verib. Şirkətlər virtual «qaynar» hetçbeki real avtomobilə çevirməyə kömək edəcəklər.

Renderlərdən göründüyü kimi, ekstremal VW Golf GTI modeli Səlimin dizayn üslubunda xüsusi kuzov dəstinə sahib olacaqdır: avtomobilin altındakı hava kütləsini seyrəldən iri ön splitter və mühərriki soyudulmasını təmin edəcək hava girişləri olan geniş arxa qanadlar və yan ətəklər xüsusi ilə diqqəti çəkir. Arxa hissədə isə, tənzimlənən spoyler, yeni diffuzor və iki lüləli buraxılış sistemi quraşdşrılmalıdır.

Avtomobilin ictimaiyyətə nə zaman göstəriləcəyi hələlik elan edilməyib. Təqdimatın ilin sonuna yaxın keçiriləcəyi ehtimal olunur. Layihə haqqında təfərrüatlar yaxın aylarda açıqlanacaqdır.

Hazırda Səlimə məxsus olan Live to Offend şirkəti öz çertyojlarına uyğun olaraq  hazırlanmış kuzov dəstlərini təklif edir. Şirkətin portfoliosunda, məsələn, E30 seriyasından olan BMW 3 Series və M3 üçün 16 və ya 20 hissədən ibarət dəst vardır - detalların bəzisi karbondan hazırlana bilər. Bundan başqa, hazırkı BMW M4 və Mazda RX-7 modelləri üçün aqressiv kuzov dəst hazırlanmaqdadır.