Volkswagen şirkətinin mətbuat xidməti, dünən, 30 mart tarixində, yaxınlaşan rebrendinqlə bağlı rəsmi açıqlama verib: guya ABŞ-da alman markasının adı Voltswagen olacaqdır. Lakin açıqlamanın dərcindən bir gün sonra, bunun Amerika bazarına girən ID.4 elektromobilinə diqqət çəkmək üçün edilmiş marketinq gedişinin olduğu ortaya çıxıb. The Wall Street Journal qəzetinin bildirdiyinə görə, alman şirkəti 1 apreli qeyd edən ilk avtomobil istehsalçısı olmaq istəyib, lakin el arasında demişkən, zarafatın “şitini çıxarıb”.
İstehsalçının amerikan veb-saytında peyda olan mətbuat açıqlamasında may ayında Volkswagen of America adının Voltswagen of America olaraq dəyişdirələcəyi bildirilirdi. Rebrendinq şirkətin inkişaf vektorunun elektrik mobilliyinə doğru dəyişməsi ilə izah edilirdi. Hətta, bölmə prezidenti Skott Keoqdan sitat da dərc edilmişdi.
Volkswagen şirkətinin amerikan veb-saytında dərc edilmiş reklam banneri
The Wall Street Journal qəzetinin mənbəyi avtomobil istehsalçısının ictimaiyyəti aldatmağı planlaşdırmadığını və Voltswagen adının çəkilməsinin ID.4 elektromobilinin Amerika bazarına çıxması ilə əlaqədar olduğunu bildirib. Beləliklə, alman istehsalçısı elektrik cərəyanının ölçü vahidi mənasını verən "volt" sözünü hallandırmaq istəyib.