Volkswagen AG konserni "dizel qalmaqalı" çərçivəsində yeni iddia ilə qarşılaşıb. Alman istehsalçısına qarşı növbəti iddianı Almaniya istehlakçılar ittifaqı (VZBV) irəli sürüb. Almaniya qanunvericiliyində edilmiş dəyişiklikdən istifadə edən ittifaq konsernə qarşı qrup şəklində iddia tələbi ilə çıxış edib. Sənədi 40 minə yaxın dizel avtomobillərinin sahibləri imzalayıb. Avtomobil sahibləri, istehsalçının zərərli tullantıların səviyyəsini azaldan aldadıcı proqram təminatından istifadə edərək, bilərəkdən onlara ziyan vurduğunu iddia edirlər.
"Reuters" agentliyi alman konserninin ABŞ-dakı avtomobil sahiblərinə kompensasiya ödədiyini, lakin Almaniyadakı tənzimləyicilər ilə proqram təminatının yenilənməsi barədə razılığa gəldiyini bildirir. Bu səbəbdən də konsern rəhbərliyinin istehlakçıların tələblərinin qanuni əsaslarının olmadığını hesab edir.
“İddiaçılar faktiki olaraq itki və ziyana məruz qaldıqlarını sübut etməlidirlər”, - alman konsernindən "Autocar" dərgisinə bildiriblər. Bu o deməkdir ki, kompensasiya ödənilməsi haqqında qərarın qəbul edilməsi zamanı əsas faktor kimi avtomobilin vəziyyəti və istismar müddəti götürüləcəkdir. Bütün zərərçəkənlərə dəymiş ziyanın müəyyən edilməsi üçün fərdi iddialar irəli sürülməlidir. İddiaların irəli sürülmə vaxtı isə cari ilin sonunda bitir.
Öz növbəsində, VZBV iki milyon Volkswagen sahibi üçün kompensasiya almaq niyyətindədir. İttifaqın fikrincə, reklam edilən avtomobillərin satışı zamanı onlar effektiv olmayıblar və istehsalçının söylədiyindən daha çox zərərli tullantılar atıblar.
Mənbə: Autocar