“Bloomberg” agentliyi “Jefferies” maliyyə şirkətinə istinadən alman avtomobil istehsalçısının bu il 15 mindən çox işçini ixtisar etməyi və Almaniyadakı zavodları bağlamağı planlaşdırdığını bildirib. Analitiklər Volkswagen konserninin bu ixtisarı müşahidə şurasının razılığı olmadan da apara biləcəyini qeyd ediblər. Bu ixtisar onsuz da çətin maliyyə vəziyyətində olan avtomobil nəhənginə dörd milyard avroya başa gələ bilər.
Analitiklərin fikrincə, həmkarlar ittifaqları zavodların bağlanması və ixtisarlara görə deyil, yalnız əmək haqqına görə etiraz edə bilərlər. Bununla belə, istehsal müəssisələrinin bağlanması Volkswagen konserninə baha başa gələcək.
Osnabrükdəki zavod
Şirkət böhran içindədir: o, Tesla və Çindən olan rəqiblərinin təzyiqi altındadır, üstəlik, son illərdə investisiyaların əsas hədəfi olan elektromobillərin satışları aşağı düşür. Buna, ilk növbədə, Avropada istehsal edilən avtomobillərin qiymətinin Asiyadan gələn rəqiblərindən nəzərəçarpacaq dərəcədə yüksək olması təsir göstərir.
İkinci səbəb isə, “batareyalı” avtomobillərin alınmasına verilən subsidiyaların azaldılmasıdır. Almaniyada satışların çökməsindən sonra, onları geri qaytarmaq qərarına gəliblər, ancaq qismən: güzəştlər hüquqi şəxslərə təklif olunacaq.
Drezdendəki zavod
Bu yaxınlarda Volkswagen rəhbərliyi vəziyyətinin ağır olduğunu etiraf edib. Maliyyə direktoru Arno Antlitzin sözlərinə görə, vəziyyəti xilas etmək üçün konsernin 1-2 il vaxtı var.
Bundan əvvəl Volkswagen konserninin iki “artıq” müəssisədən qurtulmaq niyyətində olduğu bildirilirdi. Analitiklər hesab edirlər ki, söhbət Aşağı Saksoniyanın Osnabrük şəhərindəki və Saksoniyanın Drezden şəhərindəki zavodlardan gedir. Onlar Almaniyada Volkswagen tərəfindən bağlanan ilk zavodlar ola bilərlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.