Volkswgen şirkəti yeni nəsil Amarok pikapının növbəti tizerini dərc edib. Rəsmi olaraq pikap bir aydan sonra, 7 iyul tarixində debüt etməldir. Lakin alman istehsalçısı avtomobilə olan marağı dəstəkləmək istəyir və dərc etdiyi növbəti tizaerdə avtomobilin LED fənərləri, habelə 4x4 və V6 nişanları olan arxa hissəsini göstərib. Məhz V6 nişanı başlıca intriqaya çevrilib.
Məlum məsələdir ki, V6 nişanı güc qurğusuna işarədir, çünki alman istehsalçısı belə quruluşa malik olan dizel aqreqatının yeni VW Amarok modelinin mühərrik çeşidinə daxil olacağını artıq təsdiqləyib. İstənilən halda bu nişan yenə də suallar doğurur.
İlk Amarok pikapını Volkswagen şirkəti müstəqil şəkildə (Mercedes-Benz şirkətinin bir sıra qurğularından istifadə etməklə) hazırlamışdı. Bununla belə, yeni nəsil Amarok pikapı faktiki olaraq Ford Ranger modelinin bir versiyası olacaqdır. Qeyd etmək gərəkdir ki, amerikan pikapı da 3,0-litrlik altısilindrli dizel mühərriki ilə təklif olunur.
Lakin Volkswagen şirkətinin öz pikapında başqa bir mühərriki quraşdırmaq seçimi də var. Almanların eyni iş həcminə malik olan dizel mühərriki var və çox güman ki, onlar bu mühərrikə üstünlük verəcəklər. Bundan başqa, alman istehsalçısı turbokompressorlu 3,0-litrlik V6 benzin mühərrikinə də malikdir.
Odur ki, “dizelgeytin” izlərinin silinmədiyi amerikan bazarında yeni Amarok pikapını həmin benzin mühərriki ilə təklif edə bilərlər. Üstəlik, pikapın üzərində TDI nişanı da görünmür. Burdan daha bir sual ortaya çıxır - hansı mühərrik? İş orasındadır ki, Ranger modelində də turbokompressorlu V6 benzin mühərriki var və onu “idman” Raptor versiyasına quraşdırırlar.
Bununla belə, Volkswagen yeni Amarok modelini idman deyil, premium pikap kimi mövqelənmdirmək niyyətindədir. Bu zaman, alman istehsalçısının arsenalında olan altısilindrli benzin turbomühərriki kara gələ bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.