Bu parlaq avtomobil Volkswagen şirkəti tərəfindən deyil, onun Amerikadakı bölməsinin sifarişi ilə yaradılıb. Atlas Cross Sport GT modelinin debütü yerli bazarda yeni nəsil “qaynar” Golf GTI və “bərkgedən” Golf R hetçbeklərinin satışa çıxarılması ilə üst-üstə düşür və bu modellərin köməyi ilə, şirkət diqqəti Volkswagen Atlas krossoverinin üzərinə çəkmək niyyətindədir. Əslində, qeyri-adi Atlas Cross Sport GT modeli Atlas krossoveri ilə Golf GTI hetçbekinin qatışığı sayıla bilər.
Avtomobilin inşası, Volkswagen markasının məşhur pərəstişkarından biri olan Ceymi Orr tərəfindən həyata keçirilib. Orr ilkin olaraq, Atlas Cross Sport modelinə əvvəlki nəsil Golf R hetçbekinin (yeni model inşa zamanı əlçatan deyildi) güc qurğusunu quraşdırıb. Beləlkiklə, krossover 300 at qüvvəli 2.0 TSI turbomühərrikinə və yeddi pilləli DSG "robotuna" sahib olub. Xatırladaq ki, Atlas modelinin baza variantı 238 at qüvvəli 2,0-litrlik turbomühərrik və səkkiz pilləli "avtomat" ilə təchiz edilir. Arxa oxu qoşma muftası olan 4Motion transmissiyası standart olaraq qalır.
Volkswagen Atlas Cross Sport GT modelinin digər xüsusiyyətləri arasında hündürlüyü azaldılmış asqı, alman Abt Sportsline atelyesinin 22-düymlük təkər diskləri və səkkiz porşenli supportları olan Tarox ön əyləc mexanizmləri var. Avtomobilin kuzovu Volkswagen şirkətinin Avropa palitrasından götürülmüş mavi rəngə boyanıb və xrom dekordan məhrum edilib. Salonda dörd fərdi Recaro oturacağı və ötürmələr qutusunun orijinal dəstəyi quraşdırılıb.
Volkswagen Atlas Cross Sport GT modeli şirkətin ABŞ-dakı rəsmi tədbirlərinə qatılacaq və reklamda çəkiləcəkdir. Şou avtomobilinin seriya versiyasının buraxılması barədə söhbət belə gedə bilməz.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.