Volkswagen şirkəti model cərgəsində olan krossoverlərin sayını artırmaq niyyətindədir. Yeddi yerlik Tiguan və iri ölçülü Atlas modellərindən sonra, alman istehsalçısı bu seqmentdəki intervensiyasını davam etdirmək üçün, yığcam ölçülü krossover hazırlayır.
Qeyri-rəsmi məlumata görə, yeni krossover 2014-cü ildə təqdim edilmiş T-Roc konseptinin seriya variantı olacaqdır. Yeni yığcam krossover bu ilin avqust ayında təqdim edilməlidir. Onun kütləvi təqdimat mərasimi isə, bir ay sonra keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.
Yeni krossover Nissan Juke, Opel Mokka X və Renault Captur modellərinin əsas rəqiblərindən biri olacaqdır.
Xatırladaq ki, üç il bundan öncə Cenevrədə nümayiş etdirilmiş Volkswagen T-Roc konsepti MQB modul platformasında yığılmışdı. Konseptin qabarit uzunluğu 4179 millimetr, eni - 1831 millimetr, hündürlüyü isə 1501 millimetr təşkil edirdi. Prototip 2595 millimetrlik təkər bazasına malik idi.
VW T-Roc krossoveri 184 at qüvvəli dizel güc aqreqatı və yeddi pilləli DSG «robotu» ilə təchiz edilmişdir.