Çin bazarında təqdim edilən yeni Passat sedanından və ABŞ bazarı üçün nəzərdə tutulmuş o qədər də yeni olmayan eyni adlı sedandan sonra, yenilənmə növbəsi Avropada satılan Passat sedan və universalına da çatıb. Passat modelinin Alltrack və GTE versiyaları bu yenilənmədən nəsiblərini alıblar.
Yenilənmiş VW Passat restaylinqdən əvvəlkinə bənzəsə də, modeli zahiri görkəmində bir sıra dəyişikliklər baş verib. Avtomobil yeni ön və arxa bamperə, cüzi dəyişdirilmiş radiator barmaqlığına və işıq texnikasına sahib olub. Qeyd etmək lazımdır ki, VW Passat standart olaraq LED işıq texnikası ilə təklif ediləcəkdir. Opsional olaraq matrisa tipli LED fənərləri də sifariş etmək mümkündür. Yenilənmiş Passat modelini tanımaq üçün baqaj bölümünün qapağına diqqət yetirməniz kifayətdir - VW embleminin altındakı «Passat» yazısı qarşınızda yenilənmiş modelin olduğunu bildirəcək.
VW Passat R-Line
Passat modelinin salonundakı yeniliklər cüzi xarakter daşıyır - alman istehsalçısı əsasən avtomobilin texniki hissəsi üzərində çalışmağa üstünlük verib. Salondakı dəyişikliklər isə, yeni sükan çarxından, yoxa çıxmış analoq saatıdan, üçüncü nəsil virtual cihazlar panelindən, daha mükəmməl multimedia sistemindən, salonun 30 rəngdə kontur işıqlandırmasından və Type-C formatlı USB girişlərindən ibarətdir. 6,5, 8,0 və 9,2 düymlük sensorlu ekranlara malik olan multimedia sistemi quraşdırılmış rabitə modulu sayəsində internet radiodan, striminq xidmətlərindən və Volkswagen We platformasından yararlanmaq imkanı verir.
VW Passat Alltrack
Volkswagen We xidməti, vahid qeydiyyat hesabı sayəsində, avtomobilin sistemlərinə nəzarət etmək imkanı verir. Məsələn, şəxsi avtomobilinizdə qeydə alınmış tənzimləmələri kirayə götürdüyünüz və ya xidməti Passat modelinə köçürə bilərsiniz. Korpotariv taksi parkları We xidmətinin köməyi ilə yanacaq sərfiyyatına və avtomobilin yerdəyişməsinə nəzarət edə bilərlər. Bu sistemin daha bir maraqlı cəhəti, avtomobilə smartfondakı açar vasitəsi ilə daxil olmaq və hətta mühərriki işə salmaq imkandır. Üstəlik, avtomobil sahibi bu açarı generasiya edərək digər istifadəçiyə də göndərə bilər. Bundan başqa, Avropada getdikcə populyar olan dayanacaq xidmətlərinin avtomatik ödənilməsi sistemini də yaddan çıxarmaq olmaz.
IQ Light
Yenilənmiş Passat ilə birlikdə VW sürücüyə yardımçı sistemlərin cəmləndiyi IQ Drive kompleksini də təqdim edib. Yeri gəlmişkən, bu kompleksin tərkibinə daxil olan və 210 km/saat həddinə qədər sürətlərdə işləyən yarımavtonom idarəetmə sistemi ilk dəfə olaraq məhz Passat modelində quraşdırılır. Adaptiv kruiz-kontrol sistemi zolaqda saxlama funksiyası ilə tandemdə ikinci səviyyəli avtonom idarəetməni təmin edir.
Bu isə, sürücünün mütəmadi olaraq vəziyyətə nəzarət etməsini tələb edir. Bu səbədən sistem sürücünün əllərinin sükanda olmasına nəzarəti həyata keçirir. Bununla belə, sükandan möhkəm yapışmaq gərək deyil - yeni texnologiyalara malik olan sükan çarxı sayəsində ona toxunmaq kifayətdir. Kompleksin tərkibinə daxil olan mütərəqqi sistemlər sürücüyə parklanma zamanı, ani qarşıya çıxan maneəni keçməyə və təcili əyləcləməni həyata keçirməyə yardım edəcəkdir. Bəzi hallarda sistem idarəetməni öz üzərinə də götürə bilər.
IQ Drive
VW Touareg modelindən sonra Passat da matrisa tipli LED fənərlərə sahib olub. IQ Light adlanan sistemdə hər bir fənərdə iki modula (32+12) bölünmüş 44 işıqdiodu var. Avtomobilin kamerasından əldə edilən məlumat əsasında, işıq dəstəsi avtomatik olaraq formalaşdırılır. Fənərlər dinamik şəkildə qarşıda olan və əks istiqamətdən gələn avtomobilin olduğu yerin işıq torunu tündləşdirir, həmçinin hərəkət şəraitini (şəhər, magistral) müəyyən edərək, avtomatik şəkildə işığı tənzimləyir.
VW Passat GTE
Passat əvvəllər də tənizmlənən amortizatorlara sahib olub. Lakin, adaptiv amortizatorlar üç rejimdə (komfort, normal və idman) çalışırdılar. Yeni sistem isə daha çevik olub - onun tənizmlənməsi Arteon modelində olduğu kimidir və amortizatorların sərtliyini incə şəkildə tənizmləməyə imkan verir. Komfort və idman rejimləri isə, daha yüksək səviyyəli rahatlıq və sərtlik xarakteristikalarına sahib olublar.
Qoşulan Passat GTE hibridi də yeniliklərdən nəsibini alıb. Hibrid əvvəlki kimi 156 at qüvvəli 1,4-litrlik TSI mühərriki və 115 at qüvvəli elektromotorla hərəkətə gəlir. Lakin, onun batareyasının həcmi 9,9-dan 13,1 kilovat-saata qədər artırılıbdır ki, bu da GTE modelinə elektrik ötürməsi ilə 55 kilometrlik (WLTP metodikasına əsasən) məsafəni qət etməyə imkan verir.
Hibrid güc aqreqatı ilə birlikdə yenilənmiş VW Passat modelinin mühərrik çeşidinə 150, 190 və 272 at qüvvəsi hasil edən TSI mühərrikləri, həmçinin 120, 190 və 240 at qüvvəsinə malik olan Bi-TDI aqreqatları daxildir.
Yenilənmiş Volkswagen Passat ailəsinin istehsalına bu ilin may ayında başlanacaqdır. Avtomobillərin satışlarına isə avqust ayında start veriləcəkdir. Daha bir xəbər Passat modelinin istehsal ediləcəyi zavodla bağlıdır - 2023-cü ildən VW Passat modellərinin buraxılışı Skoda şirkətinin Çexiyanın Kavsinı şəhərindəki zavoduna köçürüləcəkdir.