Volkswagen şirkəti yenilənmiş California 6.1 kemperinin eskizlərini dərc edib. Dərc edilmiş eskizlərdə avtomobilin eksteryeri və salonunun sxematik təsviri əks olunub. Kemperin rəsmi debütü avqust ayının sonunda Düsseldorfda keçiriləcək salonda baş tutmalıdır.
Volkswagen California 6.1 daha funksional və müasir interyerə sahib olub. Burada çoxsaylı yardımçı sistemlərin idarəetmə bloklarını görmək olar. Avtomobilin cihazlar paneli yenilənmiş və ilk dəfə olaraq «Kaliforniya» üçün virtual cihazlar paneli də təklif olunur. Bu panel sayəsində sürücü və ön sərnişin onlayn əyləncə-məlumat xidmətlərinə giriş əldə etmiş olurlar.
VW California 6.1 də yenilənmiş Multivan 6.1 kimi elektromexaniki sükan gücləndiricisinə və çoxsaylı elektron assistentlərə sahib olub. Bu sistemlərin arasında Line Assist zolağa nəzarət sistemi, yan tərəfdən zərbələrdən müdafiə edən Side Protection sistemi və treyler ilə hərəkətə yardım edən Trailer Assist sistemi vardır. Bundan başqa, yandan əsən küləyin təsirini neytrallaşdıran Cross Wind Assist sistemi də kemperin avadanlıq siyahısına daxil edilib.
Yenilənmiş California 6.1 yalnız 199 at qüvvəsi hasil edən 2,0-litrlik turbodizel ilə təklif ediləcəkdir.