“Autocar” dərgisinin yaydığı məlumatda Volkswagen şirkətinin rəsmi olaraq Passat CC modelinin istehsalını dayandırdığı söylənilir. Əldə edilmiş məlumatlara görə, belə radikal addımın atılmasına səbəb Volkswagen Passat CC modelinin növbəti nəslinin buraxılmasıdır.
Bununla belə, avtomobilin açıq satışa başqa adla daxil olması da istisna edilmir. Yeri gəlmişkən Passat CC modeli son zamanlar çox aşağı tələbata malikdir. Böyük ehtimalla CC modelinin xələfi gələn ilin əvvəllərində təqdim ediləcəkdir. Çox güman ki, avtomobil kardinal şəkildə dəyişdirilmiş zahiri görkəmə malik olacaqdır. Bəzi ehtimallara görə yeni avtomobil, Volkswagen Sport Coupe GTE konseptində əksini tapmış dizayn üslubunda eksteryerə malik olacaqdır. Eyni zamanda, yeni avtomobil sələfindən bir pillə üst səviyyədə yerləşəcəkdir.
Yeni modelin texniki hissəsi barədə məlumat verilməmişdir, lakin bir sıra tənqidçilər yeni modelin dizel və benzin mühərrikləri ilə təchiz ediləcəyindən əmindirlər. Hətta, hibrid güc aqreqatı ilə təchiz edilmiş variantın olacağı da istisna edilmir.