Bundan öncəki xəbərdə qeyd etdiyimiz kimi, Volkswagen şirkəti yenilənmiş up! modeli ilə yanaşı mart ayının 3-də işinə başlayacaq Cenevrə avtomobil salonunda yeni konseptual krossoveri də nümayiş etdirmək niyyətindədir. Bunun təsdiqi olaraq, alman konserni konseptin bir neçə fotoşəklini dərc etmişdir. Təsvirlərdən göründüyü kimi, avtomobilin seriya modelinə çevrilməsi ehtimalı çox yüksəkdir. Avtomobil dar formalı ön işıq texnikasına və qabaq bamperə quraşdırılmış kvadrat şəkilli LED gündüz işıqlarına malikdir.
Prototipin sarı rəngə boyanmış kuzovunun perimetr üzrə müdafiəsini təmin edən plastik əlavələr, qabaq bamperi bəzəyən gümüş rəngli işləmə ilə ahəng təşkil edir. Bundan əlavə, konsept mühərrik və sürət qutusunun müdafiəsini təmin edən alüminuimdan hazırlanmış xüsusi örtüklə təchiz edilmişdir. Həmçinin, avtomobilin iki rəngə boyanmış təkər disklərini də qeyd etmək olar.
Konseptin interyerinin təsvirləri dərc edilməsə də, almanlar prototipin interyerinin Detroytda nümayiş etdirilmiş BUDD-e konsepti ilə bənzəklik daşıdığını bildirmişlər.
Bu o deməkdir ki, avtomobilin interyeri öz sadəliyi ilə yanaşı, az sayda düymələri olan və sensorlu displeylər vasitəsi ilə sistemlərin idarə edilməsini təmin edən ön panellə yadda qalacaqdır.
Volkswagen şirkətinin nümayəndələrinin bildirdiyinə görə, konsept son nəticədə konsernin SUV seqmentində ən güclü silahlarından birinə çevriləcək «ucuz və dəbdə olan» SUV-avtomobili olacaqdır.
Alman şirkəti konseptin adını səsləndirməsə də, onun «T-Cross» ismi ilə təqdim ediləcəyi söylənilir.
Bildirilənlərə görə, konsept Polo modeli üçün istifadə edilən MQB modul platformasında yığılmışdır. Avtomobilin seriya variantının 2018-ci ildə işıq üzq görəcəyi bildirilmişdir.