Volkswagen konserni gələn ilin yanvar ayının 6-9 tarixlərində keçiriləcək Consumer Electronics Show (CES) sərgisində nümayiş etdirməyi planlaşdırdığı konsept avtomobillərindən birinin tizerini dərc etmişdir. Alman şirkəti model haqqına heç bir məlumat verməsə də, dərc edilən tizerdən konseptin LED-texnologiyası əsasında hazırlanmış ön işıq texnikası, həmçinin LED işıqlandırmalı radiator barmaqlığı və logo ilə təchiz edildiyi görünməkdədir. Tizerdə avtomobilin formaları aydın görünməsə də, biz hamar motor qapağını və C-formalı gündüz işıqlandırmasını da müşahidə edə bilərik.

Bu arada Volkswagen şirkətinin təmsilçiləri yeni konsept haqqında məlumatı gizli saxlamaqla yanaşı, onun «uzaqməsafəli elektrik avtomobillərinin yeni erasını açacağını» və gələcəkdə avtomobillərin necə dəyişəcəklərini göstərdiyini qeyd etmişdirlər. Bundan əlavə, alman şirkəti CES sərgisində  yeni displey və əməliyyat sistemini də nümayiş etdirmək fikrindədir. Mütəxəssislərin fikrincə, nümayiş etdiriləcək konsepsiya məlumat-əyləncə sistemində yeni inkişaf istiqamətini müəyyən edir.

Əldə olunan məlumatlara görə VW sərgidə Microbus konseptinin yeni versiyasını nümayiş etdirməyi düşünür. Lakin, bu məsələ rəsmi şəkildə təsdiqini tapmayıb.

Bildirilənlərə görə, Microbusun seriya variantı 2017-ci ildə işıq üzü görməlidir. Seriya avtomobili dörd silindirli benzin və dizel turbo mühərrikləri ilə yanaşı, 400-500 km yürüş məsafəsini təmin edəcək elektrik mühərriki ilə təchiz olunacağı da gözlənilir.