Volkswagen şirkəti 2018-ci ildə krossoverlər xəttini genişləndirməyi planlaşdırır. Alman istehsalçısının T-Roc modelindən bir pillə aşağıda yerləşəcək yeni krossoveri hazırladığı söylənilir. Bu barədə xəbəri şirkət daxilindəki mənbələrinə istinadən Auto Express nəşri yayıb.
Yeni model sonuncu nəsil Polo və Seat Arona krossoverinin yaradılmasında istifadə edilən MQB modul platformasında inşa ediləcəkdir. Auto Express nəşrinin ehtimallarına görə, yeni krossoverin təkər bazasının uzunluğu 2650 millimetr təşkil edəcəkdir.
VW T-Cross adlandırılacaq krossoverin üç silindrli mühərriklə təklif olunacağı da ehtimal edilir. Yeni model mexaniki və robotlaşdırılmış transmissiyalar ilə təchiz olunacaqdır. T-Cross modeli Nissan Juke, Citroen C4 Aircross və Peugeot 2008 modelləri ilə rəqabət aparacaqdır.