Volkswagen şirkəti tədricən «Das Auto» («avtomobil») şüarından imtina etmək niyyətindədir. Alman şırkəti bu şüarı 2007-ci ildən istifadə edir. Bir çoxları bilməsə də, bu şüarı vaxtilə Opel şirkəti istifadə etmişdir. Alman Horizont nəşrinin bildirdiyinə görə, gələcəkdə avtomobil istehsalçısı reklam çarxlarında və digər reklam nəşrlərində by şüardan istifadə etməyəcək. Horizont nümayəndələrinin nəzərini, Volkswagen şirkətinin 2016-cı il Avropa futbol çempionatına həsr edilmiş reklam çarxında Das Auto şüarının olmaması cəlb etmişdir. Şüardan imtina haqqında məlumatı alman şirkətinin mətbuat xidmətində də təsdiq etmişlər. Elə mətbuat xidmətindəki şəxs də şüardan tədricən imtina ediləcəyini bildirmişdir.
Bundan əlavə, Reuters məlumat agentliyinin əldə etdiyi məlumata əsasən, bu məsələnin VW’nin yüksək vəzifəli menecerlərinin milad bayramı öncəsi Drezdendə keçirilmiş iclasında müzakirə edildiyi və qərarın qəbul olunduğu məlum olmuşdur. Deyilənə görə, Das Auto şüarından imtinanın əsas təşəbbüskarı VW’nin direktorlar şurasının sədri və konsernin minik avtomobillərinin istehsalına cavabdeh olan bölümünün rəhbəri Herbert Dissdir. Cənab Dissin bildirdiyinə görə, bu şüar artıq şirkətin «dizel qalmaqalından» zərər çəkmiş imicinə uygun deyil.
Xatırladaq ki, sentyabr ayının ortalarında ətraf mühitin qorunması üzrə amerikan agentliyi Volkswagen’i iki litrlik mühərriklərin havaya zərəli tullantılar səviyyəsini saxtalaşdırmaqla ittiham etmişdir. Sonradan alman şirkəti mühərriklərin elektrik idarəedilməsi sistemində aldadıcı proqram təminatının olmasını boynuna almışdır.
Alman şirkəti dünya üzrə 11 milyon, o cümlədən Avropada 8,5 milyon avtomobili geri çağırıb müvafiq tədbirlər görməlidir. Bundan başqa, şirkəti 18 milyard dollarlıq cərimə də gözləyə bilər. Bu da azmış kimi, şirkətin səhmlərinin sahibi olan investorlar Volkswagen'ə qarşı 40 milyard avro məbləğində iddia qaldıra bilərlər.