Volkswagen şirkəti «qaynar» Golf GTI hetçbekinin ən güclü və yeyin variantı olan Golf GTI TCR modelini təqdim edib. Yeni modifikasiya Touring Car Racing kuzov çempionatında iştirak edən yarış avtomobilinin şərəfinə inşa edilib.
Konseptual variantı keçən il Verterzee festivalında nümayiş etdirilmiş «qaynar» hetçbek 290 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik, yeddi pilləli iki muftalı DSG «robotu» və ön oxda quraşdırılmış yüksək sürtünmə differensialı ilə təchiz edilir.
VW Golf GTI TCR modeli yerindən 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Hetçbekin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.. Əlavə ödənişlə bu həddi 260 km/saata qədər artırmaq olar.
Golf GTI TCR modelinin təchizatına arxa diffuzor, TCR avtomobillərinin üslubunda hazırlanmış arxa antiqanad, güzgülərin qara rəngli gövdəsi və 18-düymlük təkər diskləri daxildir. Opsional avadanlıqlar siyahısında kuzovun yan tərəflərinə vurulan «arı şanı» naxışı, güzgülərin karbondan hazırlanmış gövdələri və qara rəngli dam vardır.
Bundan başqa, 2350 avro ödəyərək 19-düymlük disklərini, 235/35 ölçülü şinləri, adaptiv şassini, arxa asqının idman tənzimləmələrini və maksimal sürət məhdudiyyətinin götürülməsini əldə etmək olar. 3200 avro dəyərindəki ikinci dəst sadlananlara əlavə olaraq, yarısliklərin və başqa dizayna malik olan disklərin quraşdırılmasını nəzərdə tutur.
VW Golf GTI TCR modeli Almaniyada 38950 avrodan başlayan qiymətlərlə satılacaqdır.
Bu günə qədər ən güclü Golf GTI modeli 310 at qüvvəli Clubsport S modifikasiyası olub. Lakin, bu model kütləvi olaraq istehsal edilməyib. 100 km/saat həddini 5,8 saniyəyə sürətlənən «qaynar» hetçbekdən 400 ədəd buraxılıb.