Artıq alman istehsalçısının əlçatan elektrik avtomobilini hazırladığı barədə məlumat vermişik. Bu gün Volkswagen şirkəti yeniliyin dizayner eskizlərini dərc edərək, onun debüt tarixini açıqlayıb. Yenilin prototipi ID.Every1 adlandırılıb ki, bu da onun hamı üçün əlçatan və qiymətinin 20 min avroya qədər olduğuna işarə edir.
ID.1 adı altında seriyaya gedəcək yeniliyin təqdimatı martın 5-nə planlaşdırılıb, lakin Volkswagen hələlik yalnız konsept statusunda olan avtomobili nümayiş etdirməyə hazırdır.

Dizayner sketçlərindəki beşqapılı hetçbek 2021-ci ilin Volkswagen ID.Life konseptinə bənzəyir, lakin daha real cizgilərə malikdir. Adı fevralın əvvəlində qeydə alınan ID.Every1 modeli, VW brendinin baş dizayneri Andreas Mindtın dediyi kimi, “xarizmatik ön və gülərüz arxa hissəyə” malik olacaq.
Model qısa kuzov çıxıntıları, inkişaf etdirilmiş təkər tağları, mərkəzində qara panel olan LED optikaya və duman əleyhinə işıqların şaquli zolaqlarına malikdir. Beşinci qapının üzərində əyləc işığı olan spoyler quraşdırılıb.

ID.Every1/ID.1 hetçbeki “böyük” ID.2 modeli ilə paylaşacağı MEB platformasının qısaldılmış versiyasına əsaslanacaq. Çox güman ki, hetçbek bir elektrik mühərriki ilə hərəkətə gələcək. Əlbəttə ki, onun batareyası ID.2 modelindəkindən daha yığcam olacaq.
ID.Every1 modelinin 2027-ci ildə istehsala gedəcəyi bildirilir. ID.2 modeli isə, daha əvvəl - 2026-cı ildə işıq üzü görməlidir. Volkswagen şirkəti 2027-ci ilə qədər, Avropadakı biznesin optimallaşdırılması üçün nəzərdə tutulmuş doqquz yeni model təqdim edəcəyinə söz verib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.