Bu il "qaynar" Volkswagen Golf GTI hetçbeki 50-illik yubileyini bayram edir. Avtomobilin birinci nəslinin premyerası 1975-ci ilin sentyabrında Frankfurt avtosalonunda baş tutub. Onun satışlarına isə, bir il sonra başlanılıb. İndi isə, bənzər senari ilə buraxılacaq Volkswagen Golf GTI Edition 50 yubiley versiyası hazırlanib. Onun premyerası bu gün baş tutsa da, “qaynar” hetçbek bazara yalnız 2026-cı ilin əvvəlində çıxacaq. Bununla belə, yubiley hetçbeki haqqında bütün təfərrüatlar artıq açıqlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Edition 50 yubiley versiyasının eksteryerindəki fərqlər çoxsaylı qara dekordan ibarətdir. Dam, güzgü korpusları və buraxılış sisteminin çıxış boruları belə rəngə malikdirlər. Əlbəttə ki, hetçbekin spoyler və yan güzgülərinə həkk olunmuş loqolarsız da ötüşməyib. Eksklüziv yaşıl Dark Moss və qırmızı Tornado da daxil olmaqla, beş kuzov rəngi təklif olunur.

Yubiley hot-hetçinin interyerində inteqrasiya olunmuş başlıqları və inkişaf etdirilmiş yana dəstəyi olan oturacaqlar quraşdırılıb, onlar GTI versiyası üçün xarakterik olan damalı parça və sintetik məxmərdən hazırlanmış üzlüyə malikdirlər. 

Sükan çarxında yubiley buraxılışının loqotipi da var. Qapı kandarları da eyni loqotip ilə bəzədiliblər. Döşəmə xalçalarında seçilən tikişlər var, pedallar isə, parlaq qırmızı örtmələri alıblar.

Bununla belə, Edition 50 versiyasının əsas xüsusiyyətləri texniki hissəsində gizlidir. 2.0 TSI turbomühərrikinin hasilatı 325 at qüvvəsi və 420 Nm-ə qədər artırılıb! Bu, tamötürməli Golf R top versiyasının təklif etdiyindən (333 at qüvvəsi, 420 Nm) bir qədər azdır, baxmayaraq ki, Golf GTI ənənəvi olaraq yalnız ön ötürməyə malikdir. 

GTI Clubsport versiyasına nisbətən artım 25 at qüvvəsi və 20 Nm təşkil edir. Transmissiya - yalnız yeddi pilləli preselektiv DSG ötürmələr qutusur. Artmış hasilata uyğun gəlməsi üçün, yubiley hetçbekinin ön McPherson dayaqları və arxa dördqollu asması yenidən tənizmlənib.

Üstəlik, GTI modelinin baza versiyası ilə müqayisədə klirens 15 millimetr azaldılıb. Maksimum sürət 270 km/saat həddində məhdudlaşdırılıb,  100 km/saata sürətlənmə isə, Clubsport versiyasındakı 5,6 saniyəyə qarşı 5,5 saniyə təşkil edir. Maraqlıdır ki, şirkət 200 km/saata sürətlənmə vaxtını da dərc edib: 16,8 saniyə.

Bütün bunların az olduğunu hesab edənlər üçün əlavə GTI-Performance paketi hazırlanıb. Paketə gücləndirilmiş asmalar, daha sərt yaylar və yenidən tənzimlənmiş adaptiv amortizatorlar daxildir, klirens isə, daha 5 millimetr azaldılıb.

GTI-Performance paketinin başqa bir xüsusiyyəti standart disklərdən təxminən 3 kiloqram yüngül olan 19 düymlük Warmenau diskləridir. Bridgestone Potenza Race yarımslikləri də standart təkərlərdən 1,1 kiloqram yüngüldür. Titandan hazırlanan Akrapovič buraxılış sistemi daha 11 kiloqrama qənaət etməyə kömək edir.

Məhz GTI-Performance paketinə malik olan yüngülləşdirilmiş hetçbek Volkswagen markasının Nürburqrinqdəki ən sürətli seriya avtomobili olub: o, 20,8 kilometrlik dövrəni 7 dəqiqə 46,13 saniyəyə qət edib.

Hətta üç il əvvəl 7 dəqiqə 47,31 saniyəlik nəticəni qeydə alan tamötürməli Volkswagen Golf R də geridə qalıb. Bununla belə, yubiley Golf GTI hetçbeki Nürburqrinqin ən sürətli ön ötürməli avtomobil ola bilməyib: bu titul 2023-cü ildən bəri Honda Civic Type R (7:44.88) tərəfindən qorunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yarım əsr ərzində 2,5 milyondan çox Volkswagen Golf GTI avtomobili buraxılıb: o, dünyanın ən məşhur "qaynar" hetçbekidir! Golf GTI Edition 50 bu həftəsonu “Nürburqrinqin 24 Saatı” marafonunda canlı olaraq nümayiş etdiriləcək. Amma onu yalnız gələn ilin əvvəlində almaq mümkün olacaq, ona görə də yubiley nəşrinin qiymət hələlik açıqlanmayıb. Çox güman ki, yubiley versiyası hazırda qiyməti 49 min avrodan başlayan Golf GTI Clubsport versiyasından baha olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.