Volkswagen şirkəti 2016-cı ilin Golf GTİ TCR yarış avtomobilini təqdim etmişdir. Yarış avtomobili Golf GTİ modelinin 40 illik yübileyinə həsr edilmişdir. Avtomobil bu il TCR İnternational Series 2016 beynəlxalq yarışlarında iştirak edəcəkdir. Volkswagen Golf GTI TCR modeli Seat və Volkswagen Motorsport mütəxəssisləri tərəfindən hazırlanmışdır.Hetçbek tərkibinə yeni bamper, havalandırmalı kapot, genişləndirilmiş təkər tağları, təkmilləşdirilmiş yan kandarlar, arxa idman bamperi və aqressiv diffuzor daxil olan geniş aerodinamik parçalar dəsti ilə təchiz edilmişdir.
Bundan başqa, avtomobil, karbondan hazırlanmış qabaq splitter və yerə basma gücünü artıran arxa aerodinamik qanad əldə etmişdir. Avtomobilin təchizatına çəkisi azaldılmış 19-düymlük təkər diskləri və xüsusi Michelin şinləri daxildir.
Əlavə olaraq, alman şirkətinin nümayəndələri yarış avtomobilinin FİA-nın tələblərinə uyğun hazırlandığını, salonda təhlükəsizlik karkasının və yarış oturacaqlarının quraşdırıldığını bildirmişlər.
Volkswagen Golf GTI TCR gücü 330 at qüvvəsi olan 2,0-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gəlir. Bu güc aqreqatı altı pilləli sekvental yarış transmissiyası ilə birlikdə hetçbeki 0-dan 100 km/saat həddinə 5,2 saniyəyə sürətləndirir.
Avtomobilin maksimal sürəti 230 km/saatdır. Avtomobil təkmilləşdirilmiş asqı sistemi və alüminiumdan dəstəkləri olan əyləc mexanizmləri ilə təchiz edilir.
Alman markasının nümayəndələrinin bildirdiyinə görə, Volkswagen Golf GTI TCR avtomobilindən 20 ədəd istehsal etmək fikrindədirlər. Avtomobilin tam çəkisi 1200 - 1280 kiloqram arasında dəyişir.
Yarış avtomobilinin ilk «döyüş sıınağı» Bəhreyndəki yarışda baş tutacaqdır. Yarış meydanlarında avtomobil Seat Leon, Audi TT, Honda Civic TCR və Ford Focus ST modelləri ilə çəkişəcəkdir.
Bildiyimiz kimi, Volkswagen şirkəti Golf GTİ modelinin 40 illik yubileyi üçün xüsusi nəşri - Golf GTİ Clubsport modelini istehsal etməyi planlaşdırır.