Əfsanəvi modelin 50 illik yubileyi 2024-cü ilin yazında qeyd olunacaq, lakin yubiley versiyasına əvvəlcədən sifarişlərin qəbuluna artıq başlanılıb. Volkswagen Golf Edition 50 yalnız hetçbek kuzovunda təklif ediləcək. Bununla belə, xüsusi versiyanın adi hetçbekdən fərqi çox azdır.
Yenilənmiş Volkswagen Golf bir ay əvvəl debüt edib və onun çeşidində heç ixtisar baş verməyib: həm hetçbek, həm də universal kuzovlu modeli sifariş etmək mümkündür, R-Line paketi opsiyalar siyahısındadır, çeşidin zirvəsində isə, "bərkgedən" GTI və GTE versiyaları qərarlaşıblar. Bununla belə, yubiley versiyası standart kuzov dəsti və 150 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki olan yeganə təchizat variantında təklif edilir.
Məlum məsələdir ki, yubiley hetçbekinin avadanlıq siyahısı zəngindir: Edition 50 versiyası Style top versiyasına əsaslanır, lakin onun opsiyalar siyahısına alüminium pedallar, qara tavan, açarsız giriş, süni intellektə malik olan Discover mediasistemi daxil edilib. Sükan çarxı və kandarlar xüsusi versiyanın adı ilə bəzədiliblər. Matrisa fənərləri, proyeksiya ekranı və panoram dam üçün əlavə ödəniş gərəkdir. Üstəlik, mexaniki transmissiya və “robot” arasında seçim etmək olar.
Yubiley versiyasının 36 820 avrodan başlayan qiyməti kifayət qədər yüksəkdir, çünki baza hetçbekinin qiyməti 27 180 avrodan başlayır, 35 450 avroya isə, ən yaxşı təchizata malik olan Variant universalını almaq mümkündür. Bununla belə, “bərkgedən” GTI və GTE versiyaları daha bahalı olacaq, model çeşidinin zirvəsində isə, restaylinqi gözləyən hardkor Golf R versiyası duracaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.