Volkswagen şirkəti yeni Golf R hetçbekini təqdim edib. “Bərkgedən” hetçbek EA888 xəttindən olan 2,0-litrlik turbomühərrik, tam ötürmə sistemi, mexaniki transmissiya və drift rejimi ilə təchiz edilir. Əvvəlki kimi, R-versiya adi hetçbeklərdən asqı sisteminin tənzimləmələri, kuzov dəsti və interyer tərtibatı ilə fərqlənir.
Zahiri cəhətdən Golf R modelini ön bamperin tərtibatı, daha klassik dizayna malik olan 19-düymlük təkər diskləri, mavi rəngli əyləc supportları, buraxılış sisteminin çıxış borularının ucluqları və arxa bamperdəki parlaq diffuzor sayəsində tanımaq olar. Bundan başqa, Golf R beşinci qapının üzərindəki spoyler və gümüşü gövdəyə malik olan yan güzgülər ilə təchiz edilir. “Bərkgedən” hetçbekin rəng palitrası mavi, ağ və qara rəng ilə məhdudlaşır.
Volkswagen şirkəti Golf R modelinin səkkizinci nəsil Golf ailəsinin ən güclü nümayəndəsi olduğunu bildirir: hetçbekin təchiz edildiyi 2,0-litrlik turbomühərrik 320 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Əvvəlki nəsil ilə müqayisədə mühərrikin hasilatı 10-20 at qüvvəsi və 20-40 Nm artırılıb. Bununla belə, 2016-cı ildə təqdim olunan məhdud saylı R360S modeli daha güclü idi.
Avropada yeni Golf R modeli yalnız 7-pilləli DSG “robotu” ilə təklif ediləcəkdir. Ən maraqlısı odur ki, ABŞ-da Golf R modeli 6-pilləli mexaniki ötürmələr qutusu ilə də təchiz edilə bilər. Əsas texniki yenilik isə, arxa oxda fırlanma anının vektorlaşdırılması sistemi və drift rejimi olan mütərəqqi 4Motion tam ötürməsidir.
Yeni Golf R modeli arxa təkərlərdən birinə fırlanma anının100 faizinə qədər ötürə bilən arxa differensiala sahibdir - bənzər sxemdən Mercedes-AMG A 45/CLA 45 ailəsində də istifadə olunur. Konstruksiyaya edilmiş dəyişikliklər “bərkgedən” Volkswagen hetçbekinin idarəetmə xüsusiyyətini dəyişdirməyə və Drift rejimini əlavə etməyə imkan verib. Bununla belə, hetçbekin sürətlənmə dinamikası elə də güclü dəyişməyib. Yeni Golf R modeli 100 km/saat həddinə 4.7 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 250 km/saat həddində məhdudlaşdırılıb.
Digər təkmilləşdirmələr şassi ilə əlaqədardır: Golf R yenidən tənzimlənmiş asqıya malik olub: yayların və stabilizatorların sərtliyi 10%, ön oxdakı mənfi bucaq 1,2 dərəcə artırılmış, klirens 20 millimetr azaldılmışdır. Əyləc sistemi də təkmilləşdirilib: iki porşenli supportlar 60% daha yüngül, əyləc diskləri isə daha böyük və daha möhkəm olublar. DCC adaptiv amortizatorları standart təchizata daxil ediliblər.
Golf R modelinin özünəməxsus hərəkət rejimləri mövcuddur: məsələn, Nürburqrinqin “Şimal ilgəyi” üçün xüsusi olraq uyğunlaşdırılmış Special rejimi var. “Robot” ilə təchiz edilən Golf R modeli bu treki sələfindən 17 saniyə daha yeyin qət etdiyi iddia olunur, lakin dəqiq vaxt gizli saxlanılır.
Golf R modelinin salonu digər versiyalardan yalnız Nappa dərisi ilə üzlənmiş güclü dəstəyi olan ön oturacaqları ilə əsaslı şəkildə fərqlənir. Digər fərqlər “karbon” dekordan, R işarəsi olan sükan və xüsusi dekordan ibarətdir.
Volkswagen Golf R modeli ilin sonunadək Avropada satışa çıxarılacaqdir. Yeni hetçbekin ABŞ-dakı satışlarına 2021-ci ildə başlanacaqdır. Bir qədər sonra, R xətti ilə universal kuzovlu versiya tamamlanacaqdır. Bundan başqa, elektrik tam ötürməsi olan 400 at qüvvəli R + hibrid versiyası barədə də şayiələr dolaşmaqdadır.