Volkswagen şirkəti il yarım bundan əvvəl bahalı olmayan elektromobilin prototipini nümayiş etdirmişdi. Beşqapılı Volkswagen ID. Life brend üçün qeyri-adi dizayna malik idi və məhz bu hal başlıca problemə çevrilib: şayiələrə görə, şirkətin rəhbərliyi konseptin bucaqlı görünüşünü bəyənməyib və layihə yenidən işlənilməyə göndərilib. “Səhvlər üzərindəki işin” nəticəsi yeni Volkswagen ID: 2all adlı - yəni "hamı üçün", - konsepti olub.
Əvvəlki eksperimentə heç bir istinad yoxdur. Lakin yeni hetçbekdə Volkswagen avtomobilini şübhəsiz tanımaq olar: ön tərəfin üzlüyü və xarakterik arxa sütunlar demək olar ki, adi Golf modelinə bənzəyir. Görünən odur ki, şirkət rəhbərliyi bu dəfə bu layihəni əvvəlcədən görüb (və təsdiqləyib!), çünki təqdimatda brendin rəhbəri Tomas Şefer ID. 2all konseptinin gələcək Volkswagen modelləri üçün nümunə olacağını bildirib.
Digər cəhətdən gələcək baza ID-modelinin konsepsiyası dəyişməyib. Bu hetçbek Polo ölçülərində Golf genişliyini vəd edir: onun uzunluğu 4050, eni - 1812, hündürlüyü isə 1530 millimetr təşkil edir. Təkər bazasının ölçüsü 2600 millimetrdir. Xatırladaq ki, Avropada satılan Polo modelində bu ölçü 2548, Golf modelində isə 2627 millimetrdir. Konsept 20-düymlük təkər disklərinə malikdir, lakin seriya modelində əlbəttə ki, daha sadə disklər quraşdırılacaqdır.
Sadələşdirilmiş MEB Entry platforması konsepsiyası əvvəlki ID. Life konseptindən götürülüb. Əgər MEB platformasında inşa edilmiş bütün cari avtomobillər müstəqil arxa asqıya malik olan arxa ötürmə sxeminə malikdirlərsə, ucuz elektromobillər üçün ön oxda elektrik mühərriki və arxada sadə tiri olan bir arxitektura nəzərdə tutulur. Boş qalan arxa kuzov çıxışı çox dərin və geniş baqaj bölməsini yaratmağa imkan verib: onun həcmi 490 - 1330 litr arasında dəyişə bilər.
Konsept 226 at qüvvəli elektrik mühərriki ilə təchiz olunub və dolu batareya ilə 450 kilometr məsafəyə qət etmək iqtidarındadır. DC terminalından batareyanın 10-dan 80 faizə qədər doldurulmasına təxminən 20 dəqiqə gərəkdir. 100 km/saata sürətlənməyə yeddi saniyədən az vaxt tələb olunur, maksimal sürət isə 160 km/saatdır. Opsiyalar siyahısında Travel Assist adaptiv kruiz-kontrolu, IQ.Light matrisa fənərləri və yükləmə terminallarına aparan marşrutları qura bilən naviqator daxildir.
Lakin başlıca parametr qiymətdir! Konseptdən daha sadə olacaq seriya ID.2all modelinin baza versiyası 25 min avrodan az olmalıdır. Çoxdur yoxsa az? İndi Almaniyada Polo modeli üçün ən azı 20 800 avro tələb edirlər. Golf üçün minimum 31 100 avro, ID.3 elektrik hetçbeki üçün isə 44 000 avro istənilir. Başqa elektromobillər də ucuz deyil: Peugeot e-208 modelinin qiyməti 39 100 avrodan, Nissan Leaf modelinin isə 33 400 avrodan başlayır. Beləliklə, Volkswagen şirkətinin bu addımı həqiqətən də əsl cəsarət tələb edir.
Volkswagen ID. 2all modelinin seriya versiyası 2025-ci ildə debüt edəcək və on ID.Golf adlandırılacağı istisna olunmur. Bu arada şirkət artıq başlanğıc qiyməti 20 min avrodan az olan daha sərfəli elektromobilin yaradılmasına başlayıb, lakin hələlik bu barədə məlumat yoxdur. Plana əsasən 2030-cu ildə Avropada satılan Volkswagen avtomobillərin 80 faizi elektriklə hərəkətə gələcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.