Volkswagen şirkəti ID ailəsinin auditoriyasını “qaynar” elektrokarların köməyi ilə genişlətməyə ümid edir. Belə elektromobillərdən biri Volkswagen ID.3 hetçbekinin ikimühərrikli tam ötürməli “qaynar” versiyası ola bilər.
Belə bir “qaynar” hetçbekin işıq üzü görəcəyi barədə məlumat 2019-cu ilin sentyabrında, adi hetçbekin təqdimatından dərhal sonra peyda olmuşdu. O zaman, “qaynar” elektromobilin tam ötürməli idman avtomobilləri üçün ənənəvi olan R indeksi ilə işarələnəcəyi ehtimal olunurdu, lakin istehsalçı ayrıca GTX subbrendini yaradaraq, “qaynar” hetçbek barədə söz-söhbəti yenidən canlandırıb.
İngilis Auto Express nəşrinin Volkswagen şirkətinin direktorlar şurasının üzvü Klaus Zelmerə istinadən verdiyi məlumata görə, alman istehsalçısının rəhbərliyi ikimühərrikli ID.3 GTX modelinin buraxılması barədə düşünsə də, son qərar hələlik qəbul edilməyib.
Eyni zamanda, top menecer, şirkətin 2030-cu ilə qədər Avropadakı satışlarında elektrikli nəqliyyat vasitələrinin payını 70 faizə çatdırmaq niyyətində olduğunu bildirib. Bunun üçün isə, Zelmer yalnız yeni modelləri istehsal etmək deyil, həm də təklif edilən modifikasiya çeşidini genişləndirməyin vacib olduğunu xatırladıb. Buna elektromobillərin daha güclü və daha sürətli versiyaları da daxildir.
İlk “qaynar” Volkswagen elektromobili keçən həftə təqdim olunan ID.4 GTX krossoveri olub. Ön oxa elektrik mühərrikinin əlavə edilməsi krossoverin gücünün 299 at qüvvəsinə yüksəlməsinə gətirib çıxarıb. Eyni zamanda, arxa oxdakı 204 at qüvvəli mühərrik MEB platformasında inşa edilən bütün elektrokarlar üçün eynidır. “Qaynar” krossover 100 km/saat həddini 6,2 saniyəyə toplayır və 180 km/saata qədər sürətlənir. Xatırladaq ki, adi ID.4 modelində bu göstəricilər müvafiq olaraq 8,5 saniyə və 160 km/saat təşkil edir.
Volkswagen şirkəti cari ilin ikinci yarısında təqdim ediləcək ID.5 kupe-krossoverinin də GTX versiyasına sahib olacağını artıq təsdiqləyib. Yeni elektrokar MEB arxitekturası üzərində inşa edilmiş premium Audi Q4 Sportback e-tron modelinin bənzəri olacaqdır.