Volkswagen şirkəti ID elektrik xəttindəki ən güclü modeli - adına GTX prefiksi əlavə edilmiş "qaynar" ID.4 krossoverini təqdim etməyə hazırlaşır.İstehsalçı, təqdimat ərəfəsində yeni krossoverə olan marağı artırmaq üçün, son tizeri dərc edərək bəzi detalları açıqlayıb.
Qısa videoda, ID.4 GTX modelinin üçölçülü naxışı olan tamamilə işıqdiodlarından hazırlanmış ön və arxa fənərləri göstərilir. Sonrakı kadrlarda ön bamperin hava girişləri və qırmızı tikişləi olan ön panelin bir hissəsi nümayiş olunur. Çox güman ki, belə tərtibat yalnız "qaynar" modifikasiya üçün əlçatan olacaqdır.
Alman markası tizer ilə birlikdə ID.4 GTX modelinin enerji sərfiyyatı barədə məlumatları da açıqlayıb. Pasport məlumatlarına əsasən, “qaynar” krossover NEDC dövründə qarışıq rejimdə 100 kilometrə 18,1 ilə 19,8 kilovat-saat arasında enerji sərf edəcəkdir ki, bu da adi ID.4 modelinin müvafiq göstəricisindən (16,2 ilə 16,9 kilovat-saat) daha yüksəkdir.
VW ID.4 GTX versiyası ön oxda quraşdırılan əlavə mühərrikə və tam ötürməyə sahib olacaqdır. İlkin məlumata görə, elektromobilin ikimühərrikli güc qurğusunun ümumi hasilatı 306 at qüvvəsi olmalıdır. Belə qurğu ilə krossover sıfırdan 100 km/saat həddinə 6,2 saniyəyə sürətləcəkdir. Bu, adi krossoverdə olduğundan 2,3 saniyəyə daha yeyindir. Bununla birlikdə, yürüş ehtiyatına görə ID.4 GTX modeli 520 kilometrlik yürüş məsafəsi olan adi krossoverdən geri qalacaqdır.
Volkswagen markasının ilk “qaynar” elektromobili olan ID.4 GTX modeli 28 aprel tarixində təqdim ediləcəkdir. Gələcəkdə belə indeksi güclü elektrik qurğusu ilə təchiz edilən digər ”qaynar” elektromobillər alacaqdırlar.