Volkswagen şirkəti ID.3 elektrik hetçbekindən sonra, ID.4 krossoverini təqdim edib. Rəsmi debütdən öncə keçirilən tizer kampaniyası və planlaşdırılmamış sızıntılar sayəsində, ID ailəsinin yeni üzvü haqqında bir çox şey artıq məlum idi. Volkswagen ID.4 alman markasının elektrik xəttində ikinci model olmasına baxmayaraq, MEB modul platformasında inşa edilən ilk krossover statusunu üç həftə əvvəl təqdimatı keçirilmiş Skoda Enyaq iV krossoverinə verməli olub. Bununla belə, platformadan başqa, iki elektromobil arasında ümumi cəhətlər kifayət qədər çoxdur.
Yeni ID.4 modelinin xarici görünüşü sürpriz olmayıb: gözlənildiyi kimi, krossoverin eksteryer dizaynı daha kiçik ID.3 modelinin tərzində tərtib edilib. Üstəlik, Avropa və ABŞ üçün nəzərdə tutulmuş versiya, Çin bazarında satılacaq ID.4 Crozz modelinin dizaynı ilə demək olar ki, təkrarlayır. Yeni krossover Skoda Enyaq modelin bir qədər qısadır: kuzovun uzunluğu 4585 millimetrə çatır. Enyaq iV modelində bu göstərici 4649 millimetrdir. Hər iki avtomobilin təkər bazasının uzunluğu 2765 millimetrdir. Nəticədə, ID.4 modelinin baqaj bölümünün həcmi Skoda Enyaq iV modelindən olduğundan azıdr - 585 litrə qarşı 542 litr. Müqavimət əmsalı baxımından da ID.4 modeli çexiyalı qohumundan geri qalır 0,27-yə qarşı 0,28.
İnteryerin rəsmi şəkilləri Volkswagen tərəfindən ayın əvvəlində yayımlanmışdı. Minimalizm naminə salon praktiki olaraq analoq düymələrdən tamamilə məhrum edilib: onlar yalnız pəncərələrdən və siqnalizasiya sistemindən məsuldurlar. Bütün digər düymələr sensorludurlar - sükanın üzərində və onun ətrafında olanlar da daxil olmaqla. Transmissiyanın rejimləri cihazlar panelinin sağ ucunda dönən düymə vasitəsi ilə dəyişdirilir. 5.3-düymlük virtual cihazlar paneli standart avadanlıq siyahısına daxil edilib, 10-düymlük ekrana və səslə idarəetmə funksiyasına malik olan Discover Pro mediasistemini, 12-düymlük sensorlu ekranı olan opsional Discover Pro Max multimedia sistemi ilə əvəzləmək mümkündür.
VW nümayəndələri, ID.4 üçün daha iri krossoverlərə xas olan geniş salon vəd verirlər: digər şeylərlə yanaşı, iri mərkəzi tuneldən qurtulmağa imkan verən MEB platforması sayəsində, ikinci sıradakı sərnişinlər özlərini daha rahat hiss edəcəkdirlər. Bahalı versiyalarda pnevmatik bölmələri və masaj funskiyası olan ön oturacaqlar quraşdırılır. Bu oturacaqlar süni dəri və 20% təkrar emal edimiş plastik şüşədən hazırlanmış sintetik mikrofiber örtük ilə üzlənir.
Bundan əlavə, yeni Volkswagen ID.4 elektrik krossoveri, müəyyən elementlərin rəngini (30 variantda) çevik şəkildə dəyişə bilən adaptiv ID.Light kontur işıqlandırmasına sahibdir. Ön şüşənin əsasında, səs sistemi rejimindən və ya yoldakı vəziyyətdən asılı olaraq rəngini dəyişdirən "interaktiv" işıq zolağı yerləşir: sistem avtomatik əyləc sisteminin aktivləşdirilməsini və ya zolağa nəzarət funksiyasını əks etdirə bilər. Bununla yanaşı, elektrokar kifayət qədər elektron köməkçi ilə təchiz edilib - ID.4 modeli yol nişanlarını tanıma ilə adaptiv kruiz kontrolu və müxtəlif təhlükəsizlik sistemlərini özündə birləşdirən Travel Assist kompleksi ilə təklif olunur.
Satışların başlanmasına yaxın zamanda Volkswagen ID.4 modeli, 306 at qüvvəli iki mühərrikli sxem də daxil olmaqla, bir neçə güc qurğusunu alacaqdır. Lakin, təqdimat zamanı şirkət nümayəndələri yalnız arxa oxda yerləşən 204 at qüvvəsinə və 310 Nm fırlanma anına malik olan elektrik mühərriki ilə təchiz edilmiş standart versiyada barədə məlumat veriblər. Belə krossover 100 km/saat həddinə 8.5 saniyəyə sürətlənir və 160 km/saatlıq maksimal sürət həddinə malikdir. 82 kilovat-saatlıq batareya 520 kilometr (WLTP) yürüyüşü təmin etməlidir. Yeri gəlmişkən, mühəndislər yarım saat ərzində "sürətli" terminaldan istifadə etməklə, yürüş ehtiyatının 320 kilometr artırıla biləcəyini qeyd ediblər.Tam ötürmə sisteminin olmamasına baxmayaraq, 21 santimetrlik klirens yüngül yolsuzluqda kifayət etməlidir.
Avropa və ABŞ bazarlarında yeni krossoverə sifarişlər artıq qəbul edilir. Almaniyada başlanğıc Pro versiyasında olan Volkswagen ID.4 (19 düymlük polad təkərlərlə!) modelinin satış qiyməti 43330 avro təşkil edir. Daha bahalı 1st və 1st Max versiyaları isə müvafiq olaraq 48690 və 58440 avroya satılır. İlk avtomobillərin müştərilərə çatdırılmasına yaxın aylarda başlanacaqdır. Xatırladaq ki, krossoverlərin seriya istehsalına Almaniyanın Zvikkau şəhərindəki zavodda artıq avqust ayında start verilib.