Volkswagen ilk elektrik krossoveri olan ID.4 modelinin interyerini nümayiş etdirib. Salonun əsas xüsusiyyəti 30 rəngə malik olan"ağıllı" daxili işıqlandırma sistemi olacaqdır. Yeni krossover boz-qəhvəyi çalarlarda salona, böyük qapılara, yüksək oturuş mövqeyinə sahib olan oturacaqlara və 543 litrə qədər həcmi olan yük bölməsinə malikdir.
Sərbəst məkan hissini qorumaq üçün ön panel minimalist üslubda tərtib edilib. Ön paneldə multimedia sisteminin "süzən" ekran-planşeti və ID.3 hetçbekindəki displeyin formasını təkrarlayan rəqəmsal cihazlar paneli yerləşir. Krossoverin interyerinin fərqli cəhətləri arasında ön paneldəki əyri formalı əlavələr və uzun formalı hava deflektorları var.
Krossoverin təchizatına opsional panoram dam və 30 rəngdə seçimə malik olan "ağıllı" daxili işıqlandırma daxildir. İşıqlandırma avtomobilin sistemləri ilə birlikdə işləyir və xüsusi işıq siqnalları verir. İşıqlandırma qapıların bağlanması və daxil olan zənglər barədə məlumat verə və ya naviqatorun məlumatlarından istifadə edərək, hərəkət zolağını doğru olana dəyişdirməyi məsləhət görə bilər.
Satışların başlanğıcında, alman həkimləri tərəfindən təsdiqlənmiş xüsusi oturacaqları olan və məhdud saylı seriyada buraxılacaq ID.4 1ST Max1 modeli təklif ediləcəkdir. Bu oturacaqlar bir neçə variantda elektrik tənzimlənməsinə və masaj funksiyalı pnevmatik bel dəstəyinə sahib olacaqdırlar .
Volkswagen ID.4 krossoverinin güc qurğusu haqqında məlumat hələlik gizli saxlanılır. Krossoverin ümumi gücü 300 at qüvvəsi olacaq iki elektrik mühərriki ilə təchiz olunacağı gözlənilir. ID.4 modeli dolu batareya ilə 500 kilometrə qədər məsafə qət edə bilər.