Volkswagen şirkəti ID.5 elektrik krossoverinin istehsalına son vermək qərarına gəlib. Alman istehsalçısı kupeşəkilli elektrik krossoverinin birbaşa varisi olmayacağını da təsdiqləyib. Yeni ID. Tiguan həm ID.4-ü, həm də ID.5-i əvəz edərək markanın elektrik krossoverləri çeşidini bir model ətrafında birləşdirəcək.

2021-ci ildə təqdim olunan ID.5 maili dam xətti və daha dinamik kuzovu  ilə ID.4-dən fərqlənirdi. Lakin modelə tələbatın nisbətən aşağı olması və kupeşəkilli kuzovun praktiklik cəhətdən əlverişli olmaması onun gələcəyini sual altına qoymuşdu. ID.5-in maili damı arxa hissədə sərnişinlərin başı üzsərindəki məsafəni və baqajdan istifadə imkanlarını məhdudlaşdırırdı. Daha ənənəvi kuzov formasına malik olan ID.4 isə gündəlik istifadə baxımından daha praktik seçim hesab olunurdu.

Yeni ID. Tiguan daha dik dam xətti və ənənəvi SUV dizaynı ilə seçiləcək. Volkswagen bununla həm salonun genişliyini artırmağı, həm də elektromobillərini artıq kifayət qədər tanınmış adlarla təqdim etməyi hədəfləyir. Şirkət nümayəndəsi ID.5-in birbaşa əvəzləyicisinin hazırlanmadığını da təsdiqləyib.

ID. Tiguan-ın dünya premyerası oktyabrın əvvəlində keçiriləcək. Modelin Avropada satışlarına 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.