Volkswagen şirkəti ID ailəsindən olan yeni konseptin eskizlərini nümayiş etdirib. Alman markası ID.Space Vizzion universalının köməyi ilə «yeni elektrokarlar seqmentinin» əsasını qoymağa cəhd göstərmək fikrindədir. Konseptin seriya variantı 2021-ci ildə işıq üzü görməlidir.
Volkswagen ID. Space Vizzion da əvvəlki konseptlər kimi MEB modul platformasında inşa edilib. Universalın dizaynında başqa elektrik konseptlərinin tanış cizgilərini görmək olar. Buna baxmayaraq, dizaynerlər avtomobili özünəməxsus görkəmlə təmin etməyə müvəffəq olublar. Almanlar ID. Space Vizzion modelində «Gran Turismo sinifinə məxsus olan aerodinamik xüsusiyyətlərin krossoverlərə xas olan iri salon ilə yanaşı durduğunu» bildiriblər.
Elektrokarın texniki xüsusiyyətləri açıqlanmayıb. Alman şirkəti yalnız universalın yürüş ehtiyatının 590 km (WLTP) olduğunu bildirib. Çox güman ki, ID. Space Vizzion iki elektromotor və 82 kVs-lıq batareya ilə təchiz ediləcəkdir.
Avtomobilin seriya variantının konseptdən ciddi şəkildə fərqlənməyəcəyini söyləmək olar. Bu səbəbdən də konseptin salonu da ənənəvi görkəmə malikdir. Son trendə uyğun olaraq, salon ekoloji xammaldan hazırlanıb. Məsələn, oturacaqlar alma şirəsinin istehsalı zamanı əldə olunan qalıqlardan hazırlanan AppleSkin süni dərisi ilə örtülüb.
Konseptin seriya versiyası 2021-ci ilin sonunda işıq üzü görməlidir. Universal Şimali Amerika, Avropa və Çin bazarları üçün nəzərdə tutulmuş müxtəlif versiyalarda istehsal ediləcəkdir.