Volkswagen şirkəti əlçatan qiymətə sahib olan elektrik krossoverini yaratmağı planlaşdırır. Yaxın beş il ərzində debüt etməli olan yeni elektromobil, ID.Buggy konsept avtomobilinin seriya təcəssümü ola bilər. İlkin məlumata görə, krossover ID.Ruggedzz adlandırılacaqdır.
Britaniyanın “Car Magazine” nəşrinə, Volkswagen şirkətinin ID.Buggy konseptinin seriya variantını buraxmaqdan imtina etdiyini məlum olub. Konseptin keçən ilin mart ayında Cenevrə avtosalonunda təqdimatından sonra, onun seriya variantının kiçik seriya ilə bazara çıxacağı bildirilirdi. Bununla birlikdə, elektromobillərin istehsalı ilə məşğul olacaq Go Mobile şirkəti iflas edib.
Buna baxmayaraq, Volkswagen şirkəti baqqidən imtina etməmək qərarına gəlib və krossoverin seriya versiyası üzərində təkbaşına işləməyə qərar verib. Bu çalışmanın nəticəsi olaraq, Land Rover Defender ofrouderi ilə rəqabət aparacaq və nisbətən ucuz başlanğıc qiymətinə malik olan elektrik krossoveri işıq üzü görəcəkdir.
İlkin məlumatlara görə, yeni elektrik krossoverinə ID.Ruggedzz adı veriləcəkdir. Yeni krossoverin dizaynı daha ənənəvi olacaq, lakin bəzi elementlər qeyri-adi görünüşlü konsept avtomobildən götürüləcəkdir. Bu elementlərin arasında böyük təkər diskləri, yolsuzluq şinləri və yüksək klirens vardır.
Volkswagen şirkəti ID.Ruggedzz konseptini gələn ilin əvvəlində təqdim edə bilər. Yeni modelin istehsalına 2025-ci ildə başlanılmalıdır. Modelin təchiz edilə biləcəyi elektrik güc qurğusu haqqında heç bir məlumat yoxdur. MEB modul platformasında inşa edilmiş ID.Buggy konsept avtomobili arxa oxda quraşdırılmış 204 at qüvvəli elektrik mühərriki ilə təchiz edilmişdi.