Volkswagen şirkəti keçən ilin aprel ayında Çində üç konseptual avtomobilini nümayiş etdirib: FAW-Volkswagen tərəfindən hazırlanmış ID. Aura sedanı, eləcə də JAC ilə birgə yaradılmış Volkswagen Anhui şirkətinin ID. Evo və SAIC-Volkswagen birgə müəssisəsinin ID. Era krossoverləri. Artıq o zaman bütün konseptlərin Çin bazarında satılacaq seriya modellərinə çevriləcəyi bəyan edilmişdi.

Bir neçə ay əvvəl ID. Evo konseptinin üslubunda hazırlanmış VW ID. Unix 08 krossoveri təqdim edilib, indi isə, konseptual ID. Era prototipi böyük ID. ERA 9X krossoverinə çevrilib. İstehsalçı krossoverin rəsmi şəkilləri yayımlayıb. Onun əsas texniki xüsusiyyətləri Çin Xalq Respublikasının Sənaye və Ticarət Nazirliyinin sertifikatlaşdırma bazasında dərc olunub.

ID. ERA 9X əmtəə versiyası prototipdən bir qədər fərqlənir. Məsələn, ön faraların şaquli blokları LED komponentlər ilə əvəz edilib, arxadakı dövlət nömrə nişanı isə, bamperdən baqaj qapağına köçürülüb. Başqa spoyler quraşdırılıb, damda isə, lidar peyda olub.

Avtomobilin uzunluğu 5207, eni - 1997, hündürlüyü - 1810, təkər bazası isə, 3070 millimetrdir. Təkər disklərinin diametri 20 və ya 21 düymdür. Üç cərgəli salon hələlik təqdim edilməyib, lakin onun altı sərnişin üçün nəzərdə tutulduğu bildirilib. Bundan başqa, yeni modelin müasir elektron sürücüyə yardım sistemləri dəstini əldə etməlidir.

Generator kimi də xidmət edən 143 at qüvvəli 1.5 litrlik EA211 turbomühərriki ilə təchiz olunmuş üç model sertifikatlaşdırılıb. Arxa ötürməli versiyada 51.1 kilovat/saatlıq litium-dəmir fosfat batareyasından qidalanan 299 at qüvvəli yeganə elektrik mühərriki quraşdırılıb.

Bu batareya WLTC dövrünə uyğun olaraq 267 kilometrə qədər gediş məsafəsini təmin edir. Mühərriki işə salmadan 340 kilometrə (WLTC) qədər məsafə qət etməyə imkan verən 65,2 kilovat/saatlıq NMC batareyası da nəzərdə tutulub. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni batareya ön oxda əlavə elektrik mühərriki (218 at qüvvəsi) olan tam ötürməli versiyada da quraşdırılacaq və belə modifikasiyanın gediş məsafəsi 321 kilometr (WLTC) təşkil edəcək.

Volkswagen ID. ERA 9X krossoverinin tam ölçülü təqdimatı bu il ərzində Çində baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.