Ötən yaz Çinin SAIC-Volkswagen birgə müəssisəsinin flaqman krossoverinin carçısı olan Volkswagen ID.ERA konsepti debüt edib. Bu ilin əvvəlində onun seriya versiyası - Volkswagen ID.ERA 9X krossoveri haqqında ilkin məlumatlar peyda olub, bir ay əvvəl isə, istehsalçı modelin bazar debütünün ilkin tarixini açıqlayıb: yeni modelin aprel ayında satışa çıxarılması planlaşdırılır.
İndi isə, krossoverin altı yerlik salonunun şəkilləri yayımlanıb və satışın başlama tarixi təyin edilib. Bundan əlavə, ID.ERA 9X modelinin hibrid güc aqreqatında məsafə artırıcısı kimi çıxış edən xüsusi olaraq təkmilləşdirilmiş EA211-ERV mühərrikinin Çindəki istehsalına başlanılıb.
Avtomobil əvvəllər şəkillərdə qızılı rəngdə nümayiş etdirilmişdi, indi isə, yaşıl rəngdə krossover göstərilib. Krossover ənənəvi barmaqlığın yerinə bağlı panelə, gündüz hərəkət işıqlarının LED zolağına və bamperdəki şaquli faralara malikdir.
Ön şüşənin üstündə avtopilot sisteminin bir hissəsi olan lidar quraşdırılıb. Qapı tutacaqları irəli çıxandır, arxada isə, daraldılmış monofənər mövcuddur. Xatırladaq ki, Volkswagen ID.ERA 9X krossoverinin uzunluğu 5207, eni - 1997, hündürlüyü isə, 1810 millimetrdir. Təkər bazası 3070 millimetr təşkil edir. Diametri 20 və ya 21 düym olan təkər diskləri mövcuddur.
Ön paneldə iki 15,6 düymlük multimedia ekranı var, tavanda isə, arxa sərnişinlər üçün nəzərdə tutulmuş qatlanan 21,4 düymlük monitor yerləşir. Sürücünün önündə cihaz panelinin displeyi yoxdur və onun funksiyaları süni intellekt elementləri olan kiçik proyeksiya ekranına həvalə edilib. Qabaqcıl naviqasiya sistemi də vəd edilib.
Volkswagen ID.ERA 9X modeli hibridlər üçün xüsusi olaraq təkmilləşdirilmiş 143 at qüvvəli 1,5-litrlik EA211-ERV turbomühərriki ilə təchiz edilib. Sıralı EA211 mühərrik ailəsi 2011-ci ildə təqdim edilib və 2017-ci ildə almanlar onun qoşula bilən hibridlər üçün xüsusi versiyasını yaradıblar.
Yenilənmiş EA211-ERV mühərriki dəyişkən həndəsəsi olan turbokomprosserlorları ilə təchiz edilib, Miller dövrü ilə işləyir və 350 barlıq püskürtmə sisteminə malikdir. Bundan əlavə, mühərrik maye ilə soyudulan interkuler və qazların təmizlənməsi sistemi ilə təchiz olunub.
İstehsalçının bildirdiyinə görə, EA211-ERV mühərrikli Volkswagen ID.ERA 9X modeli Çinin şimalındakı Heyhe şəhərində aşağı temperaturlardakı sınaqlardan uğurla keçib.
Arxa ötürməli versiyada 299 at qüvvəli elektrik mühərriki 267 kilometrə qədər sırf elektrik məsafəsini (WLTC) təmin edən 51,1 kilovat/saatlıq batareya və ya 340 kilometrə qədər gedişi təmin edən 65,2 kilovat/saatlıq batareya ilə tandemdə çalışır. T
am ötürməli versiyada ön oxda 218 at qüvvəli elektrik mühərriki mövcuddur ki, bunun sayəsində də ümumi güc 517 at qüvvəsinə qədər artırır, daha böyük batareya isə, 321 kilometrə qədər gediş məsafəsini təmin edir.
Çinin optimist CLTC standartına əsasən, elektriklə qət edilən maksimum məsafə 400 kilometri keçəcək və dolu batareya ilə ümumi gediş məsafəsi 1000 kilometrə çatacaq.
Flaqman Volkswagen ID.ERA 9X hibrid krossoverinə sifarişlərin qəbuluna bu ay başlanacaq, lakin qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









