Volkswagen elektrikli GTI ailəsinin ən ekstremal nümayəndəsini təqdim edib. ID. Polo GTI Clubsport Concept adlı konsept avtomobil markanın gələcək elektrikli hot-hetç modellərinin necə inkişaf edə biləcəyinə dair ciddi işarələr verir. Hələlik bu, nümayiş üçün hazırlanmış konseptdir, lakin onun texniki yenilikləri daha güclü seriya modelinin yaradılmasının mümkün olacağını göstərir.
Clubsport adı Volkswagen tərəfindən ənənəvi olaraq GTI modellərinin “bərkgedən” versiyalarında və xüsusi buraxılışlarında istifadə olunur. Konseptin ikiqapılı kuzovu, genişləndirilmiş təkər tağları və aqressiv aerodinamik elementləri seriya avtomobilində olduğu kimi saxlanılmaya bilər. Bununla belə, texniki hissədəki ciddi dəyişikliklər gələcək ID. Polo GTI Clubsport versiyasının yaradılması ehtimalını gücləndirir.
Konsept gələcək ID. Polo GTI modelinin MEB+ elektrik platformasına əsaslanır və ön ötürməli quruluşa malikdir. Standart GTI versiyasında 223 at gücü hasil edən elektromotor əvəzinə daha böyük modellərdə də istifadə olunan AP550 mühərriki quraşdırılıb.
Onun gücü 371 at gücünə çatır, 52 kVt·saatlıq batareyada aparılan dəyişikliklər isə qısamüddətli overboost rejimində hasilatı 388 at gücünədək artırmağa imkan verir. Fırlanma anı 550 Nm təşkil edir.
Beləliklə, konsept 0-dan 100 km/saata 4,7 saniyəyə sürətlənir. Müqayisə üçün, standart ID. Polo GTI bu göstəriciyə 6,8 saniyəyə nail olur. Gücün yalnız ön təkərlərə ötürülməsi səbəbindən avtomobil elektron idarə olunan məhdud sürüşmə diferensialı (LSD) ilə təchiz edilib.
Bu sistem dartma qüvvəsini daha səmərəli bölüşdürərək ön təkərlərin həddindən artıq sürüşməsinin qarşısını almağa kömək edir.
Yeni elektromotorun yerləşdirilməsi üçün ön alt çərçivə, uzununa elementlər, mühərrik dayaqları və ön stabilizator yenidən işlənib. Batareya da trekdə daha uzun müddət yüksək güc təmin etmək üçün təkmilləşdirilib. Bununla belə, onun tutumu 52 kVt·saat, maksimal DC enerji doldurma gücü isə 105 kVt olaraq qalıb. Konseptin maksimal sürəti 238 km/saatdır.
Əyləc sistemi də yüksək performansa uyğunlaşdırılıb. Volkswagen mövcud “one-box” əyləc sisteminə keramika əyləc mexanizmləri əlavə edib. Elektron idarəetmə sistemi rekuperativ və ənənəvi əyləcləri vahid sistemdə birləşdirərək pedalın daha sabit və dəqiq reaksiyasını təmin edir.
Konseptin xarici görünüşü standart ID. Polo GTI ilə müqayisədə daha aqressivdir. Kuzov ikiqapılı hazırlanıb, təkər tağları hər tərəfdən 50 millimetr genişləndirilib və 19-düymlük BBS diskləri ilə təchiz edilib. Daha geniş təkərlər və oxlar üçün yeni təkər yuvaları və asqı dayaqları yaradılıb.
Ön hissədə dəyişdirilmiş işıqlandırma, işıqlı zolaq, hava girişləri və kapot üzərindəki ventilyasiya elementləri diqqəti cəlb edir. Arxa hissədə isə iri diffuzor və aerodinamik qanad quraşdırılıb.
Asqı quruluşu standart modeldə olduğu kimi ön tərəfdə McPherson dayaqlarından, arxada isə burulma tirindən ibarətdir. Bununla yanaşı, konsept daha aqressiv asqı geometriyasını, xüsusi tənzimlənmiş DCC adaptiv amortizatorları və standart GTI ilə müqayisədə 15 millimetr aşağı klirensi əldə edib.
Salon isə yol avtomobilindən daha çox yarış maşınını xatırladır. Burada yalnız iki Recaro idman oturacağı quraşdırılıb, arxa hissədə isə polad təhlükəsizlik karkası yerləşdirilib. İnteryerdə Volkswagen-in yeni Art Velours yumşaq materialından geniş istifadə olunub.
Volkswagen konseptin seriya istehsalına çevriləcəyini hələlik təsdiqləməyib. Lakin yeni elektromotor, gücləndirilmiş batareya, diferensial, dəyişdirilmiş ön asqı və əyləc sistemi kimi texniki yeniliklərin miqyası daha güclü elektrikli GTI üzərində işlərin aparıla biləcəyini düşündürür.
Əgər belə model istehsala buraxılarsa, onun dördqapılı kuzovu və arxa oturacaqları saxlamaqla konseptdən daha praktik olması gözlənilir. Geniş təkər tağları və iri arxa qanad isə, böyük ehtimalla, yalnız konseptin eksklüziv xüsusiyyətləri olaraq qalacaq.
2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.










