Volkswagen ID.4 və ID.5 modellərini əvəz edəcək yeni elektrik krossoverini təqdim edib. ID. Tiguan adlanan yenilik tamamilə fərqli dizaynı, fiziki düymələrin geri qayıtdığı salonu və əvvəlki modellərdən götürülmüş elektrik qurğuları ilə seçilir. Avropada ilkin sifarişlərin qəbulu oktyabrın 13-də başlayacaq, satışlara isə 2027-ci ilin əvvəlində start veriləcək.
2020-ci ildə debüt edən ID.4 və bir il sonra təqdim olunan ID.5-in istehsalı boyunca ümumilikdə 950 mindən çox avtomobil buraxılıb. İndi Volkswagen bu modellərin yerini tutacaq ID. Tiguan ilə elektrik krossoverləri seqmentində mövqelərini gücləndirməyə çalışır.
Yeni modelin eksteryeri daha kəskin xətlərlə işlənib. Ön hissədə işıq zolağı ilə birləşdirilmiş ikihissəli fənərlər, ənənəvi qapı tutacaqları və arxada düzbucaqlı formalı vahid işıq bloku diqqət çəkir.
Standart versiya ilə yanaşı, daha idman üslublu R-Line komplektasiyası da təqdim olunub. Bu versiya fərqli bamperləri, ön hissədəki şaquli LED elementləri və xüsusi təkər diskləri ilə seçilir.
ID. Tiguan-ın uzunluğu 4618 millimetrdir. Müqayisə üçün, ID.4-ün uzunluğu versiyadan asılı olaraq 4582 və ya 4584 millimetr təşkil edir. Standart model 19 və ya 20 düymlük, R-Line isə 21 düymlük təkər diskləri ilə təklif ediləcək.
Salon tamamilə yenidən işlənib. Ön panel, ikiqollu sükan, qapı üzlükləri və mərkəzi tunel dəyişdirilib. Əvvəlki kiçik cihazlar panelinin yerini 10 düymlük ekran tutub, multimedia sisteminin 12,9 düymlük displeyini isə 15 düymlük sensorlu ekran əvəzləyib. Bundan əlavə,
Volkswagen-in Avropa bazarı üçün nəzərdə tutulan modellərində ilk dəfə ön sərnişin üçün ayrıca 12-düymlük ekran təklif olunur.
İstehsalçı idarəetmədə fiziki düymələrə də qayıdıb. Sükan üzərindəki sensor elementlər ənənəvi düymələrlə əvəzlənib, klimat-kontrol sistemi də fiziki düymələrlə idarə olunur. Ekranlarda retro dizayn rejimi də mövcuddur: məsələn, cihazlar panelini dördüncü nəsil Golf-un üslubunda göstərmək mümkündür.
Əlavə ödənişlə panoram dam, havalandırılan və masaj funksiyalı ön oturacaqlar, eləcə də 480 vattlıq Harman/Kardon səs sistemi sifariş etmək olar. Baqaj bölməsinin həcmi 534 litrdir. Ön kapotun altında isə əlavə 32 litrlik saxlama yeri nəzərdə tutulub.
Elektrik qurğuları əvvəlki ID.4 modelindən götürülüb. İlkin versiya arxa oxda yerləşən 190 at gücündə elektrik mühərriki və 58 kVt/saatlıq batareya ilə təchiz edilir. Bu versiyanın yürüş ehtiyatı təxminən 450 kilometrdir. Daha güclü versiyada 286 at gücündə mühərrik və 77 kVt/saatlıq batareya quraşdırılır. Belə versiyanın yürüş ehtiyatı təxminən 600 kilometrə çatır.
Ən güclü tamötürməli versiyalarda iki elektrik mühərriki birlikdə 299 at gücü hasil edir. Ən tutumlu batareyaya baxmayaraq, bu modifikasiyaların yürüş ehtiyatı təxminən 560 kilometr təşkil edir. ID. Tiguan xarici elektrik cihazlarını enerji ilə təmin etmək imkanına da malik olacaq.
Elektron sürücü köməkçiləri işıqforun siqnallarını tanıya bilir. Bundan başqa, avtomobil enerjinin bərpası sistemindən istifadə edərək bir pedal ilə idarəetməni də dəstəkləyir. Mobil tətbiq vasitəsilə isə avtomobilin əsas funksiyalarını məsafədən idarə etmək mümkün olacaq.
Almaniyada Volkswagen ID. Tiguan-ın başlanğıc qiyməti 42 695 avro təşkil edəcək.
Yeni elektrik modelinin təqdimatı adi Volkswagen Tiguan-ın taleyinə təsir etməyəcək: şirkət benzin, dizel və hibrid güc qurğuları ilə təchiz olunan versiyaların istehsalını davam etdirəcək.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









