Volkswagen şirkətinin işıq texnikası sahəsində əldə etdiyi nailiyyətlər danilmazdır. Bu gün alman istehsalçısı gələcək seriya modellərində tətbiq edəcəyi yeniliklər barədə məlumat verib. Yeni texnologiyalar işıqdiodlarının əsasında yaradılıbdır. Lakin, bunlar bizim bu gün rast gəldiyimiz adi diodlar deyildir. Bənzər texnologiyanı bir müddət bundan öncə Mercedes-Benz şirkəti də təqdim etmişdir.
Volkswagen şirkətinin yeniliyi hər bir blokunda 30 min işıq nöqtəsi mövcud olan mikropikselli “yüksək icazəli fənərlər” (HD Headlights) adlanır. Mütərəqqi idarəetmə sisteminin köməyi ilə fənərlər yol səthinə istənilən şəkili proyeksiya edə bilərlər. Buna misal olaraq, dönmə işıqlarının oxlarını (bəlkə bundan sonra bizim sürücülərin dönmə işıqlarını yandırarlar) və yaxud avtomobilin qabarit eninə müvafiq olan işıq “koridorunu” göstərmək olar. Bu texnikadan nəinki düz yolda, hətta döngələrdə də istifadə etmək mümkün olacaqdır.
Eyni funksiyalara arxa fənərlər də malik olacaqdır: onlar parktronik sisteminə yardım edərək nişanlamanı və yaxud arxadan gələn sürücülərə xəbərdarlığı birbaşa asfalta proyeksiya edəcəkdirlər. Perspektivdə isə bu texnologiya adi fənərlərin bacarmadığını həyata keçirəcəkdir – məsələn, piyadalara ünvanlanan müraciət birbaşa kuzovda əks olunacaqdır. Bu ən çox pilotsuz nəqliyyat vasitələri üçün aktualdır, çünki piyada sürücü ilə “vizual kontakt” quraraq onun niyyətini anlamaq imkanından məhrum olacaqdır.
Ən maraqlısı oldur ki, Volkswagen şirkətinin mühəndisləri İnqolştadtdan olan həmkarlarından fərqli olaraq, bahalı lazer-lyüminofor uzaq işıqlarını nəzərdən keçirmək fikrindən uzaqdırlar. Onlar diod texnologiyalarını təkmilləşdirməyə davam edirlər: bu texnologiyalar lazer ilə bənzər xarakteristikalara malik olduğu halda daha əlçatan olacaqdır. Volfsburqlu mühəndislərin fikrincə yüksək məhsuldarlıqlı işıqdiodları uzaq işıq fənərləri 550 metr məsafəni işıqlandıracaqdırlar. Lazer fənərlərində bu göstərici 600 metr təşkil edir.