Volkswagen şirkəti Çin bazarında gənc auditoriyaya yönəldilən Jetta markalı avtomobilləri təklif edir. Debüt etməsindən səkkiz ay keçməsinə baxmayaraq, yeni marka Çin bazarında 81.000 avtomobil satmağa müvəffəq olub. Xatırladaq ki, sırf Çin bazarı üçün nərədə tutulmuş modellər Çendu şəhərindəki FAW-Volkswagen zavodunda buraxılırlar.
2020-ci ilin ilk dörd ayında Jetta brendinin ümumi satışları 38.000 avtomobil təşkil edib. Təkcə aprel ayında Jetta brendi alıcılara 13.500 avtomobil çatdırıb ki, bu dünyanın ən iri bazarlarından biri olan Çinin ümumi avtomobil satışlarının bir faizini təşkil edir. Gənc brendin avtomobillərinə olan tələbatın artması koronovirus pandemiyası ilə bağlıdır - gənc çinlilər ictimai nəqliyyatdan istifadə etməmək üçün, avtomobil almağa üstünlük verirlər.
Gənc markanın əldə etdiyi uğur Volkswagen konserninin rəhbərliyini Jetta brendinin satış coğrafiyasını genişləndirməyə təhrik edir. "Autonews Europe" nəşrinə müsahibə verən Jetta brendinin rəhbəri Harald Müller, gənc markanın uğurlu başlanğıc etməsinin digər ölkələrdə bu avtomobillərə maraq oyandırdığını söyləyib.
Əgər alman konserninin rəhbərliyi düşündüyünü həyata keçirərsə, Jetta markası Avropa bazarında Renault şirkətinin büdcə markası olan Dacia ilə birbaşa rəqabətə girişəcəkdir.