Volkswagen şirkətinin kommersiya nəqliyyatına cavabdeh olan Commercial Vehicles bölməsi e-Bulli konseptual furqonunu təqdim edib. Bu furqon elektrik güc qurğusu ilə təchiz edilmiş klassik 1966-cı ilin T1 minivenidir. İstehsalçının sözlərinə görə, layihənin kommersiya davamı olacaqdır: transformasiya dəstləri və hazır avtomobillər eClassics tərəfdaş şirkəti vasitəsi ilə özəl müştərilərə satılacaqdırlar.
Əvvəlki həyatda T1 Samba modeli olmuş və son 50 ildə Kaliforniya yollarında şütümüş furqonun əsasında yaradılmış e-Bulli restomodu üzərində çalışmaları Volkswagen Group Components və eClassics bölmələrinin mütəxəssislərindən ibarət olan qrup həyata keçirib. Onlar işə avtomobilin şassisini tam şəkildə dəyişdirməklə başlayıblar. Mikroavtobus müstəqil ön və arxa asqıya, tənzimlənən amortizatorlara, havalandırılan əyləclərə və yeni sükan idarəetməsinə sahib olub. Sonra isə, növbə elektrik güc qurğusuna çatıb.
Arxa tərəfdə yerləşən, 44 at qüvvəsi və 102 Nm hasil edən dördsilindrli oppozit mühərriki yerini 83 at qüvvəsi və 212 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə verib. Elektromotorun gücü bir pilləli ötürmələr qutusu vasitəsilə arxa oxa ötürülür. Mühərrik 45 kilovat-saatlıq tutumu olan güc batareyasından qidalanır. VW e-Bulli =dolu batareya ilə 200 kilometr məsafə qət edir. Batareyanı həm 2.3 - 22 kilovatt gücündə olan dəyişkən cərəyan terminalından, həm də sürətli 50-kilovatlıq stansiyalardan doldurmaq olar. Sonuncu halda, batareyanın 80 faizinin doldurmasına 40 dəqiqə vaxt gərəkdir.
Restomodun kuzovu iki rəngə boyanıb: narıncı Energetic Orange Metallic və qızılı Golden Sand Metallic. Miniven dəyirmi formalı LED işıq texnikasını və tamamilə yeni salonu əldə edib. Döşəmə yaxtalarda olduğu kimi, tamamilə ağacla örtülüb, klassik spidometr isə, yürüş ehtiyatı və batareyanın səviyyəsi barədə məlumatları əks etdirən kiçik displeyə sahib olub. Oturacaqların arasında isə, enerjini bərpaetmə səviyyəsini seçmək üçün nəzərdə tutulmuş əl dəstəyi yerləşdirilib. Salonun tərtibatında Saint Tropez və Saffrano Orange dərilərindən istifadə olunub. Bundan başqa, avtomobil qatlanan damı ilə də öyünə bilər.
Volkswagen T1 modelini elektrokara çevirmək fürsətini çoxdan gözləyənlər üçün şirkət transformasiya proqramını təklif edəcəkdir. Şassinin yenidən işlənməsi də daxil olan tam paket ən azı 64.900 avroya (118385 manat) başa gələcəkdir. Bundan başqa, bu komponentləri sərbəst şəkildə quraşdırmaq arzusunda olanlar, onları alman markasının dilerlərində sifariş etmək şansına malik olacaqdırlar.