Avropada yeni yarımkeçirici böhranı başlayır. Oktyabrın ortalarında Hollandiya hökuməti Çinin Wingtech nəhənginə məxsus olan elektron komponentlər istehsalçısı Nexperia şirkətinə nəzarəti ələ keçirib. Bu addımın səbəbi kimi hökumətin Avropa sənayesinin maraqlarını qorumaq istəyi göstərilib. Hollandiyalı məmurların fikrincə, Nexperia şirkətinin çinli sahibləri çiplərin sabit tədarükünə və ən vacib texnologiyaların Avropada qalmasına təhlükə yaradırlar. İroniya ondadır ki, hollandiyalıların bu hərəkətindən ən çox zərər çəkən məhz Avropa istehsalçıları olub.
2019-cu ildən Nexperia şirkətinin əsas sahibi olan Çin nəhəngi Wingtech, Hollandiya hökumətinin qərarını real risklərə əsaslanmaqdan daha çox siyasi motivlərə söykəndiyini hesab edib və Çin hökumətinə müraciət edərək kömək istəyib. Nəticədə, Çin hökuməti Nexperia şirkətinin hazır məhsullarının ixracına qadağa qoyub. İş ondadır ki, bu şirkətin Avropadakı zavodları yalnız çip hazırlanması üçün silikon lövhələr istehsal edir, bundan sonra onlar gələcək emal, sınaq və son qablaşdırma üçün Çinə göndərilirlər. Nexperia şirkətinin hazır məhsullarının Avropaya göndərilməsinə qoyulan qadağa, artıq buradakı istehsal zəncirlərinə mənfi təsir göstərib.
Nexperia, avtomobil sənayesi üçün də daxil olmaqla, çip istehsalı üzrə ixtisaslaşıb. Alman mediası Volkswagen konsernindəki daxili mənbələrə istinadən bildirib ki, çip təchizatındakı fasilələr səbəbindən alman istehsalçısı Golf, Tiguan, Tayron və Touran modellərinin buraxıldıqları Volfsburqdakı əsas zavoddakı istehsalı dayandırmaq məcburiyyətində qalıb. Volkswagen istehsalın dayandırılmasının səbəbi kimi planlaşdırılan inventar yoxlamalarını göstərib, lakin çip çatışmazlığının konveyerin saxlanılmasına səbəbi ola biləcəyini də etiraf edib. Bundan əlavə, Volkswagen nümayəndəsi avtomobil istehsalçısının çipləri birbaşa Nexperia şirkətindən almadığını, onlardan üçüncü tərəf təchizatçılarından alınan komponentlərdə istifadə olunduğunu bildirib.
Məlum məsələdir ki, bu təchizatçılar yalnız Volkswagen ilə deyil, bütün Avropa avtomobil sənayesi ilə də işləyir, buna görə də Avropanın avtomobil sənayesi bütövlükdə risk altında ola bilər. Volkswagen konsernindən başqa, BMW və Mercedes-Benz də Nexperia çiplərindən istifadə edən ən böyük komponent istehlakçılarıdır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) artıq Avropada Nexperia çiplərinin hazırkı ehtiyatının yalnız bir neçə həftə üçün kifayət edəcəyini bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









