SAIC-Volkswagen birgə müəssisəsi Çin bazarında satılacaq yeni Tiguan X modelini təqdim edib. Kupeşəkilli krossoverin 380TSI indeksli top versiyası 220 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilib. Bununla birlikdə, VW Tiguan X modeli eyni mühərrikin 186 at qüvvəli versiyası ilə də təklif olunacaqdır.
Ölçüləri baxımından yeni krossover bazasında inşa edildiyi uzunbazalı Tiguan L modeli ilə müqayisə edilə bilər. Tiguan X krossoverinin uzunluğu 4.764 millimetr (+ 63 millimetr), eni - 1.859 millimetr (+ 20 millimetr), hündürlüyü - 1.628 millimetr (- 46 millimetr),təkər bazasının genişliyi isə 2.791 millimetr (+ 4 millimetr) təşkil edir. Kross-kupe adi Tiguan krossoverindən dam xətti və arxa tərəfin tərtibatı ilə fərqlənir: arxa işıqlar LED xətt ilə birləşdirilib, arxa bamperdə isə, xrom haşiyəli dekorativ çıxış boruları quraşdırılıb.
İki güc variantında təklif edilən 2,0-litrlik turbomühərrik, iki "yaş" muftası olan yeddi pilləli DSG "robotu" ilə birlikdə çalışır. Tiguan X 380TSI modifikasiyası 4Motion tam ötürmə sistemi ilə də təchiz ediləcəkdir.
Volkswagen Tiguan X modelinin istehsalı şirkətin Şanxay şəhərindəki zavodunda yerləşdiriləcəkdir. İlkin məlumatlara görə, yeni krossoverin qiyməti 250.000 yuandan (62 min manat) başlayacaqdır.