Bir müddət bundan öncə, Bloomberg agentliyi Volkswagen Group daxilindəki mənbələrinə istinadən Lamborghini şirkətinin satılacağı barədə xəbər yaymışdı. Agentlik italyan markasının kənar şirkətə satılacağı və yaxud onun səhmlərinin sərbəst satışa çıxarılacağı ehtimalının olduğunu da qeyd etmişdi. Üstəlik, Lamborghini şirkətinin müstəqil hüquqi şəxsə çevrilməsi üçün prosedurların başlandığı da bildirilmişdi.
Bu gün alman konserni bu xəbərə münasibətini bildirib. Reuters agentliyinə müsahibə verən Volkswagen nümayəndələri Lamborghini markasının satılması barədə planın olmadığını, hətta bu məsələnin müzakirə belə edilmədiyini və belə xəbərlərin əsassız olduğunu qeyd ediblər.
Xatırladaq ki, alman konserninə 12 müxtəlif marka məxsusdur. Bunların arasında minik avtomobilləri brendləri ilə yanaşı, motosklet və yük avtomobilləri istehsal edən markalar da vardır. Bu yaxınlarda alman konserni Seat və Skoda markalarını müxtəlif seqmentlərə aid edilməsi qərarına gəlib. Seat markası daha çox emosional xarakterə malik olaraq Alfa Romeo markası ilə rəqabət apara bilər. Yəni, Seat markasının daha bahalı və premial brend olması istənilir.
Skoda markasına gəldikdə isə, çex istehsalçısının bahalı opsiyalardan imtina edərək daha aşağı qiymət seqmentinə keçməsi istənilir. Çex markası Avropada Kia, Hyundai və Dacia kimi brendlərlə mübarizə aparmalıdır. Volkswagen də brend olaraq dəyişməlidir ki, onun modelləri digər markaların modelləri ilə kəsişməsin.