Volkswagen məhdud tirajla buraxılacaq Golf R 333 Limited Edition hetçbekini hazırlayıb. Böyük ehtimalla, xüsusi nəşrin adındakı 333 rəqəmi avtomobilin gücünə işarə edir - əgər bu doğrudursa, o zaman belə Golf R modelinin kapotunun altında 2,0-litrlik turbomühərrikin ən güclü versiyası yerləşəcəkdir.

Volkswagen R rəsmi YouTube kanalında dərc edilmiş tizer videosundan göründüyü kimi, xüsusi seriyadan olan hetçbek sarı rəngli kuzova və qara rəngli təkər disklərinə malik olacaqdır. Bundan başqa, kuzovun aşağı hissəsinə 333 rəqəmi olan zolaq çəkiləcəkdir.

Golf R 333 Limited Edition modeli mavi əyləc supportları olan 19 düymlük Estoril diskləri ilə təchiz ediləcəkdir - onlar qara rəngdədirlər, qara parlaq rəngli yan güzgü gövdələri və tündləşdirilmiş optika ilə uyğunlaşırlar. 333 at qüvvəli “bərkgedən” hetçbekin 100 km/saat həddini 4,6 saniyəyə toplayacağı və 270 km/saata sürətlənəcəyi gözlənilir.

Bu, 333 at qüvvəsinə malik olan ilk Golf R modeli deyil. Ötən ilin yazında Volkswagen şirkəti Golf R32 modelinin 20 illik yubileyinə həsr olunmuş məhdud saylı Golf R 20 Years modelini təqdim etmişdi. Belə hot-hetçin mühərriki adi Golf R modelində olduğundan 13 at qüvvəsi güclüdür ki, bu da onu ən güclü seriya Golf hetçbeki edir. Yubiley Golf R 20 Years modelinin Almaniyadakı qiyməti təxminən 60 000 avro təşkil edir, məhdud seriyadan olan Golf R 333 Limited Edition hetçbekinin qiyməti isə hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.