Səkkizinci nəsil Volkswagen Golf modeli 2019-cu ildən istehsal olunur və gələn il avtomobil planlaşdırılmış restaylinqə məruz qalacaq ki, bu da avtomobilin daha bir neçə il satışda qalmasına imkan verəcək. Artıq rəsmi olaraq Golf modelinin doqquzuncu nəslinin buraxılmayacağı elan edilib. Modelin davamçısı, çox güman ki, yeni Golf GTI hetçbekinin də qoşulacağı ID xəttininin nümayəndəsi olacaq. “Qaynar” hetçbek model cərgəsində qalacaq, lakin elektrik güc aqreqatına keçəcək, məşhur GTI abbreviaturası isə, yeni açıqlamanı alacaq.
“Golf GTI ilk dəfə 1975-ci ildə Frankfurt avtosalonunda təqdim edilib və onun 5000 nüsxəlik tirajla buraxılması planlaşdırılırdı. Bu günə qədər 2,8 milyondan çox belə avtomobil satmışıq. 2026-cı ildə bu əfsanəvi modelin elektrik variantını təqdim edəcəyik”, – Volkswagen şirkətinin baş dizayneri Andreas Mindt sosial şəbəkədəki səhifəsində yazıb.
Top menecer mesajını orijinal “hot-hetçin” və onun potensial varisinin əks olunduğu eskizlə müşayət edib. Göründüyü kimi, daxili yanma mühərrikindən imtina radiator barmaqlığındakı qırmızı rəngli firma zolağına təsir etməyəcək, üstəlik o, fənərləri də vurğulayacaq. Benzin modellərində Grand Touring Injection kimi deşifrə edilən GTI abbreviaturasının artıq Grand Touring Intelligence kimi açıqlanacağı elan edilib. Bununla belə, hansı “ağıllı” texnologiyalardan söhbət getdiyi hələlik məlum deyil.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.