Volkswagen şirkəti rəsmi olaraq Multivan T7 minivenini təqdim edib. Yeni model ailə miniveni və ya işgüzar şəxslərin avtomobiili kimi mövqeləndirilir. Miniven qısa və uzun bazalı versiyalarda bazara çıxarılacaq, onun mühərrik çeşidinə standart benzin və dizel turbomühərrikləri ilə yanaşı 218 at qüvvəli hibrid güc qurğusu da daxil olacaqdır.
Multivan T7 modeli keçən əsrin ortalarının klassik minivenlərinin üslubunda qısa ön hissəyə və ikirəngli kuzova malik olub. Eyni zamanda, yeni miniven Volkswagen bütün korporativ dizayn elementlərini qoruyaraq saxlayıb. Multivan T7 nazik LED işıq texnikası və tanış radiator barmaqlığı ilə təchiz edilir.
Bundan əlavə, mütəxəssislər minivenin aerodinamikası üzərində ciddi şəkildə çalışıblar. Nəticədə, T7 modelinin aerodinamik müqavimət əmsalını T6.1 minivenə nisbətən 15% azaltmağa müvəffəq olublar.
VW Multivan T7 minivenin uzunluğu 4973 millimetr, eni - 1941 millimetr. Hündürlüyü isə 1903 millimetrdir. Bundan başqa, minivenin uzunluğu 5173 millimetr olan uzunbazalı versiyası da nəzərdə tutulub. Yeni Multivan daha geniş və tutumlu olub. Baqaj hissəsinin maksimal həcmi 4053 litrə çatır. Mininvenin salonuna gəlincə, buradakı dəyişikliklər daha çoxdur.
Avtomobil dəyişdirilə bilən salona sahib olub. Yeni salonun modul konstruksiyası arxa oturacaqları çıxartmağa və ikinci cərgənin oturacaqlarını 180 dərəcə döndərməyə imkan verir. Bundan başqa, salon boyu hərəkət edə bilən və lazım olduqda mərkəzi konsola çevrilən çoxfunksiyalı masa daha böyük imkanlar yaradır.
Salondakı geniş məkanı opsional iki hissəli panoram dam da təmin edir. Bundan başqa, T7 modeli 10,25-düymlük rəqəmsal Virtual Cockpit cihazlar panelini, multimedia sisteminin sensorlu displeyini və Volkswagen kommersiya avtomobillərində quraşdırılan proyeksiya displeyini alacaqdır.
Yeni minivanın mühərrik çeşidinə 136 at qüvvəli 1,5-litrlik 204 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikləri, həmçinin 150 at qüvvəli turbodizel və eHybrid güc qurğusu daxildir. Hibrid güc qurğusunun tərkibinə 1,4-litrlik turbomühərrik, elektrik mühərriki və 13 kilovat-saatlıq litium-ion batareyası daxildir. Sistemin ümumi gücü 218 at qüvvəsidir.
Bundan başqa, yalnız elektrik ötürməsindən istifadə etməklə, miniven 50 kilometrə qədər məsafə qət edə biləcəkdir. Bütün versiyalar ön ötürməlidirlər və yeddi pilləli DSG “robotu” ilə təchiz edilirlər.
Volkswagen Multivan T7 modeli yaxın bir neçə ay ərzində satışa çıxarılacaqdır. İlk minivenlər Avropada yalnız hibrid güc qurğusu ilə satılacaqdırlar. Yeni minivenin qiyməti hələlik açıqlanmayıb. (c) Autograph.az