Volkswagen şirkəti Arteon ailəsini və Passat sedanını təqaüdə göndərməyi planlaşdırır. 2023-cü ildə, Passat modelinin 50-illik yubileyi ərəfəsində, əfsanəvi modelin yeni nəslinin təqdim ediləcəyi gözlənilir. Şayiələrə görə,yeni Passat modeli yalnız Variant indeksini daşıyan universal kuzovu ilə təklif ediləcəkdir. Arteon ailəsinin aqibəti isə daha acınacaqlıdır: "dizayner" liftbek və universalını elektromobil əvəzləyəcəkdir.
Automotive News Europe nəşrinin bildirdiyinə görə, Volkswagen qrupu, Skoda Superb ilə daxili rəqabəti azaltmaq üçün yeni Passat sedanından imtina etmək qərarına gəlib. Bununla belə, alman istehsalçısı Passat modelindən tamamilə imtina etməyə hazır deyil: model universal kuzovu ilə buraxılacaqdır. Növbəti nəsil Passat və Superb modelləri Slovakiyada fabrikdə eyni konveyer xəttində istehsal ediləcəkdirlər.
Hazırda həm Passat, həm də Arteon modellərinin yığıldığı Almaniyanın Emden şəhərindəki zavod elektrikli nəqliyyat vasitələrinin istehsalı üçün yenidən qurulacaqdır. Bu zavoddakı konveyer xətti, ID. Space Vizzion universalının seriya versiyası və yeni elektrik sedanı üçün əsas istehsal meydançasına çevriləcəkdir.