Volkswagen şirkətinin flaqman modeli Phaeton çox da asan taleyi olmayan avtomobillərdən biridir. Bu avtomobil istehsalatına başlandığı andan böyük alman üçlüyünə layiqli rəqib olmalı idi. Phaeton'un istehsal edilməsi üçün, alman nəhəngi Drezdendə zəmanənin ən müasir zavodunu da inşa etmişdi. Avtomobil texniki cəhətdən rəqiblərindən geri qalmasa da, sahiblərinə və markanın dilerlərinə çoxsaylı problemlər yaşatdı. Phaeton’un Volkswagen dilerlərinin sevmədiyi yeganə avtomobil olduğunu desək yanılmarıq.
Artıq 2002-ci ildən bu günə qədər konveyer həyatı yaşayan flaqmanın gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Volkswagen rəhbərliyinin keçən ilin sentyabrdan başlayan «dizel» qalmaqalına ilk reaksiyası Phaeton'un ikinci nəslinin hazırlanması üzrə işlərin rəsmi qaydada dayadırması oldu. Lakin, rəhbərlik layihəni nə vaxta qədər dayandırdığını açıqlamadı. Çox güman ki, yeni avtomobilin hazırlanmasına bu onilliyin sonunda başlana bilər - o da ki, bu işlər üçün lazımi miqdarda sərmayə tapılarsa.
Bildiyimiz kimi, artıq Volkswagen «dizel» qalmaqaldan sonra əsas istiqaməti elektrik və hibrid güc aqreqatları ilə təchiz edilən avtomobillərin istehsal edilməsinə yönəltmək fikrindədir. Alman nəhəngi bu məqsədlə MEB (Modularen Elektrifizierungsbaukasten) modul platformasını da hazırlayıb.
Bu günlərdə həmin platformada VW şirkəti Budd-e konseptini də nümayiş etdirmişdi. Çox güman ki, Phaeton’un ikinci nəsli elektrik mühərriki ilə təchiz ediləcəkdir. Yəqin ki, alman şirkəti avtomobilin satışlarını artırmaq üçün onu daxili yanacaq mühərrikləri ilə də təklif edəcəkdir.
Drezdendəki Gläserne Manufaktur adlanan zavod
Avtomobilin zahiri görünüşünə gəldikdə isə, onun Passat modelinə bənzəyən və dördqapılı kupe cizgilərinə malik iri ölçülü sedan olacağı ehtimal olunur. Motor1.com saytı tərəfindən dərc edilmiş kompyüter təsvirindəki avtomobilin ön bamperinə nəzər salsaq, şəkildəki flaqmanın elektromobil olduğu görünür.
VW şirkətinin rəhbərliyi elektrik güc aqreqatının flaqmana üzün məsafəni qət etməyə imkan verəcəyini bildirir. 14 ildir istehsal edilən və alman şirkətinin ən zəif satılan modelinin buraxılışı bu ilin mart ayında dayadıralacaq və Drezdendəki zavodun yenidən qurulmasına start veriləcəkdir.