Volkswagen şirkəti altıncı nəsil Polo avtomobilinin model xəttini SUV modeli ilə genişləndirmək fikrindədir. Bu günə qədər yığcam krossoverin necə görünüşə malik olması haqqında ancaq fərziyyələr irəli sürmək mümkün idi. Hazırda jurnalistlər gələcək krossoverin eksteryeri haqqında öz mülahizələrini rəhbər tutaraq, yeni avtomobilin kompyüter görüntülərini hazırlamışdırlar. Bundan öncə, onlar avtomobilin kamuflyaj edilmiş prototipini də çəkməyə müvəffəq olmuşdular ki, renderləri hazırlayan zaman bu görüntülərdən istifadə etmişdirlər.

Alman istehsalçısı altıncı nəsil Polo ailəsinin gələcək uğuruna böyük ümidlər bəsləyir. Volkswagen mütəxəssislərinin fikrincə yeni krossoveri vaxtilə Golf modelinin nail olduğu uğur gözləyir. Bu məqsədlə alman şirkətinin konstruktorları gələcək «donanma» üçün xüsusi platforma da işləyib-hazırlamışdırlar.

Volkswagen Polo krossoverinin ilk təqdimatının 2018-ci ildə baş tutacağı barədə məlumat artıq səsləndirilmiş və yeni krossover haqqında bəzi məlumatlar da açıqlanmışdır. Alman istehsalçısı yeni krossoverin zahiri görkəminin dizaynının VW T-Cross Breeze konsepti ilə bənzərlik daşıyacağını bildirmişdir.

Konsept avtomobili iki qapılı olsa da, seriya modeli adət etdiyimiz beş qapılı kuzovla təchiz ediləcəkdir.

Yeni krossover, alman şirkətinin bir müddət bundan öncə təqdim etdiyi və mühərrikin köndələn yerləşdirilməsini nəzərdə tutan MQB modul platformasında yaradılacaqdır. Bu platformanın əsasında unifikasiya edilmiş və dəyişdirilə bilən qabarit ölçüləri durur. MQB platformasının dəyişikliklərə imkan yaradan bu xüsusiyyəti onu populyar olmasına xidmət edəcəkdir. Çox güman ki, VW Polo SUV modelləri qənaətcil üç silindirli turbomühərriklərlə təklif ediləcəkdirlər. Bu o deməkdir ki, bütün altıncı nəsil Polo modellərində 1,0-litrlik TSI turbomühərrikləri quraşdırılacaqdır.

VW Polo krossoverinin salonunda MIB məlumat-əyləncə kompleksini və bu sistemin mərkəzi konsolda quraşdırılmış iri sensorlu ekranı görmək mümkün olacaqdır. Yeni krossover sürücüyəyardım sistemlərinin geniş siyahısı ilə də təklif ediləcəkdir.