San-Pauluda fəaliyyətə başlamış avtosalonda Volkswagen şirkəti Tarok konseptual pikapını təqdim edib. Modelin konsept statusunu daşımasına baxmayaraq, onun seriya istehsalına «yaşıl işıq» yandırılıb. Üstəlik, seriya modeli avtosalonda təqdim edilmiş konseptdən ciddi fərqlənməyəcəkdir.
Alman şirkətinin MQB modul platformasında inşa edilmiş konsept daşıyıcı kuzova, köndələn yerləşdirilən mühərrikə və çoxqollu yaylı arxa asqıya malikdir. Beş metrlik uzunluğa malik olan konsept texniki cəhətdən Tiguan modelinin yaxın qohumudur. Bununla belə, Tarok modelinin özünəməxsus kuzovu vardır və Tiguan ilə heç bir ümumi detallara malik deyil.
Volkswagen Tarok konseptinin dizaynı üzərində Xose Karlos Pavonenin rəhbərlik etdiyi yerli dizayn studiyası işləyib. Pikap 1000 kiloqram yük götürmək qabiliyyətinə malikdir. Yük bölümünün uzunluğu 1,2 metr olsa da, uzun əşyaların daşınması üçün xüsusi tranformasiya sistemi tətbiq edilibdir. Arxa cərgənin oturacaqlarının qatlanması halında kabinanın arxa divarını da açmaq mümkündür. Bu zaman yük bölümünün uzunluğu 1,86 metrə qədər artır. Arxa cərgənin çıxarılması və arxa qapının açılması halında 2,8 metrlik yuku daşımaq da mümkündür.
Konseptin interyerində yenilik yoxdur - burada alman markasının element və detallarını görmək olar. Yeri gəlmişkən, konseptin havalandırma sistemi multimedia vasitəsi ilə idarə edilir. Lakin, seriya modelində hər bir sistem öz idarəetmə blokuna malik olacaqdır.
VW Tarok konsepti 150 at qüvvəli 1,4-litrlik turbomühərrik, altı pilləli avtomatik qutu və 4Motion tam çəkiş sistemi ilə təchiz edilib. Seriya modeli üçün 150 at qüvvəli 2,0-litrlik dizel aqreqatı da nəzərdə tutulub. Dizel mexaniki qutu və öndən çəkiş ilə təklif ediləcəkdir. Braziliyada belə modifikasiya daha populyar olmalıdır.
Seriya Tarok pikapı gələn ilin sonunda yerli bazarda satışa çıxarılacaqdır. Gələcəkdə pikapın digər bazarlarda da satılması ehtimalı vardır.