Volkswagen şirkəti 6 noyabr tarixində San-Pauluda keçiriləcək avtosalonda konseptual pikapı nümayiş etdirəcəkdir. Yeni konsept Braziliya bazarında satılacaq yeni seriya pikapının carçısıdır. Konseptin ən maraqlı xüsusiyyətlərindən biri onun çoxvariantlı yük bölümüdür: bir neçə sadə hərəkətlə ikiqat kabinin arxa panelini qatlayaraq yük bölümünün həcmini artırmaq mümkündür.
Alman şirkətinin model cərgəsində Amarok modelindən bir pillə aşağıda qərarlaşacaq pikap Volkswagen şirkətinin MQB modul platformasında inşa olunubdur. Bu platformada hazırda Tiguan krossoveri istehsal edilir. Tam çəkiş sisteminə malik olan pikapın istehsalına yaxın gələcəkdə alman şirkətinin Braziliyadakı zavodunda başlanacaqdır. İstehsalçı konsept modelinin cüzi dəyişikliklərlə seriyaya gedəcəyini bildirib.
İlkin olaraq, yeni pikap yalnız Braziliya bazarında təklif ediləcəkdir. Sonradan modelin digər bazarlarda da satılma ehtimalı vardır.