Bu günə qədər Volkswagen markasının ən iri krossoveri adını Teramont (Amerikada - Atlas) daşıyırdı, amma artıq o bu adı təhvil verməli olacaqdır. İlk baxışdan iri avtomobil təəssüratı yaratmasa da, Şanxay avtosalonunda təqdim edilmiş Volkswagen Talagon krossoveri ölçülərinə görə Teramont modelini üstələyir.
Əslində yeni krossover iki il əvvəl namyiş etdirilmiş Volkswagen SMV Concept konsept avtomobilinin seriya versiyasıdır. Bu müddət ərzində krossover heç bir dəyişikliyə məruz qalmasa da, öz adına sahib olub. Talagon FAW Volkswagen müəssisəsi üçün yaradılıb, Çində Teramont modelinin istehsalı ilə SAIC Volkswagen müştərək müəssisəsi məşğul olur. Belə rəsmi “əmək bölgüsü” həm Volkswagen, həm də Çin bazarında fəaliyyət göstərən digər qlobal oyunçular üçün adi bir haldır.
Teramont və Talagon köndələn mühərrikli MQB platformasında inşa ediliblər və hətta eyni 2980 millimetrlik təkər bazasına da malikdirlər. Ancaq Talagon modelinin uzunluğu 5152 millimetr, eni - 2002 millimetr, hündürlüyü isə 1795 millimetrdir.
Xatrıladaq ki, Teramont modelinin ölçüləri müvafiq olaraq 5039, 1989 və 1773 millimetr təşkil edir. Şəkillərdə Talagon modeli R-Line “idman” tərtibatındadır. Krossoverin baza versiyası bir qədər “sakit” görünüşə malik olacaqdır. Bütün modifikasiyalar LED işıq texnikası ilə təchiz edilirlər və onlar üçün 21-düymlük təkər disklərini sifariş etmək olar.
Teramont modelinin salonu əvvəlki nəsil Volkswagen modellərinin üslubunda yaradılıbsa, Talagon modelinin salonu “səkkizinci” Golf ilə eyni üslubda tərtibata malikdir. Burada çox sayda parlaq dekoru, media sistemin səkkiz düymlük ekranını, ötürmələr qutusunun kiçik coystikini və klimat-kontrolun sensorlu idarəetmə zolağını görmək olar - qalan tənzimləmələr multimedia sistemi vasitəsi ilə aparılır.
Üç nəfərlik ikinci cərgənin oturacaqları uzununa tənzimlənir, iki nəfərlik üçüncü cərgə isə standart təchizata daxildir. Sərnişinlərin ixtiyarına ayrıca klimat-kontrol və panoram dam verilib. Sonuncu cərgənin arxasında heç də kiçik olmayan baqaj bölümü var.
Texniki cəhətdən Talagon və Çində istehsal olunan Teramont tamamilə bəzərdirlər. Krossoverin baza versiyası 186 at qüvvəli 2.0 TSI turbomühərriki və ön ötürmə, “orta” versiya isə eyni mühərrikin 220 at qüvvəli variantı və tam ötürmə, nəhayət, model çeşidinin zirvəsində yerləşən top versiya 299 at qüvvəli 2,5-litrlik VR6 turbomühərriki və tam ötürmə ilə təchiz edilir. Bütün variantlar iki muftalı yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışırlar.
Ən iri Volkswagen krossoveri Çin bazarına yayda daxil olacaqdır, lakin digər ölkələrdə təklif edilməyəcəkdir. Yeri gəlmişkən, şirkətin yerli çeşidində daha iri bir model var - uzunluğu 5346 millimetr olan Volkswagen Viloran minivenı.