Volkswagen şirkətinin adını Voltswagen’ə dəyişdirmək barədə etdiyi uğursuz 1 aprel zarafatı avtomobil istehsalçısına baha başa gələ bilər. İş ondadır ki, ABŞ-ın Qiymətli Kağızlar Komissiyası (QKK) bu məsələni rəsmi olaraq araşdırmağa başlayıb: mütəxəssislər şirkətin qeyri-ciddi davranışının onun səhmlərinin dəyərinə necə təsir etdiyini öyrənməli olacaqlar.
İstintaqın gedişi barədə hələlik məlumat verilməyib. Der Spiegel nəşrinin verdiyi xəbərə görə, markanın adının dəyişdirilməsi barədə “quş” buraxmış Volkswagen şirkətinin Amerika nümayəndəliyi artıq Komissiyadan məlumatların təqdim olunması barədə sorğunu aldığını və istintaqla əməkdaşlıq edəcəyini bildirib.
Volkswagen şirkətinin ABŞ-da adını Voltswagen’ə dəyişdirmək niyyətində olduğu barədə xəbər mart ayının sonlarında xarici KİV-lərdə yayılmışdı. Bir sıra KİV-lər bu xəbərə şübhə ilə yanaşaraq, onun 1 aprel zarafatı olduğunu irəli sürmüşdülər. Lakin 30 Mart tarixində, həqiqətən Volkswagen of America şirkətinin veb saytında şirkətin may ayına planlaşdırılan rebrendinqə hazırlaşdığı barədə rəsmi məlumat peyda olub: guya markanın elektromobilləri bundan sonra Amerika bazarında Voltswagen markası altında satılacaqlar.
Volkswagen şirkətinin amerikan veb-saytında dərc edilmiş reklam banneri
Açıqlamanın yayımlanmasından bir gün sonra məlum olub ki, bu sadəcə bir marketinq gedişidir – nümayəndəliyin əsas məqsədi diqqəti Şimali Amerika bazarında satışa çıxmağa hazırlaşan ID 4 elektrokarına yönəltmək olub. Şirkət, "voltswagen" sözü ilə, elektrik potensialının ölçü vahidi olan "volt" sözünü hallandırmaq istəyib. Sonrada avtomobil istehsalçısı "zarafatın şitini çıxartdığını" etiraf edib və ictimaiyyəti yanıltdığına görə üzr istəyib.
Yersiz zarafat Volkswagen markasının imicinə ciddi zərbə vurmaqla yanaşı, ictimayyətin ona olan inamını sarsıdıb. İndi isə nüfuz probleminə, ABŞ Qiymətli Kağızlar Komissiyası tərəfindən aparılan istintaq da əlavə olunub.